Səudiyyə Ərəbistanına yönələn 11 PUA və bir ballistik raket zərərsizləşdirilib
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası dünən ölkənin müxtəlif bölgələrinə yönələn 11 pilotsuz uçuş aparatını (PUA) və bir ballistik raketi ələ keçirərək məhv etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Ərəb Koalisiyasının sözçüsü, general-mayor Türki əl-Maliki ABŞ-də yerləşən X şirkətinin sosial media platformasındakı hesabında yaydığı açıqlamada Ər-Riyad, Mədinə, Nəcran, eləcə də ölkənin şərq və cənub bölgələrinə yönələn hücumlarla bağlı məlumat verib.
Koalisiyanın sözçüsü Maliki husilərin Səudiyyə Ərəbistanının cənub bölgəsinə doğru buraxdığı iki PUA-nın qarşısının alındığını və məhv edildiyini bildirib.
Maliki daha əvvəl də husilərin Nəcran istiqamətində buraxdığı bir ballistik raketin məhv edildiyini açıqlamışdı.
O, Ər-Riyad və Mədinə bölgələrində dörd, həmçinin Ər-Riyad istiqamətində daha bir PUA-nın qarşısının alınaraq məhv edildiyini bildirib. Maliki dünən səhər tezdən ölkənin şərq bölgəsində də dörd PUA-nın məhv edildiyini açıqlayıb.
Maliki PUA-ların haradan buraxıldığı, hadisələr nəticəsində insan tələfatının və ya dağıntıların olub-olmadığı barədə məlumat verməyib.
Yəməndə İranın dəstəklədiyi husilərin 2014-cü ilin sentyabrında paytaxt Sənaya və bəzi vilayətlərə nəzarəti ələ keçirməsindən sonra vətəndaş müharibəsi başlayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verir.
Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmalar son dövrlərdə artıb. İranın dəstəklədiyi husilər özlərinə hücum edildiyini iddia edərək Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alırlar.
