Husilər Ər-Riyad və Nəcran hava limanlarına hücum etdiklərini açıqlayıb
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına, Nəcran hava limanına və Xamis-Muşaytdakı aviabazaya zərbələr endirdiyini bildirib.
AFN.az xəbər verir ki, bunu husilərin hərbi nümayəndəsi Yəhya Sariya açıqlayıb.
Onun sözlərinə görə, Ər-Riyaddakı hava limanına iki qanadlı raket, Nəcran hava limanına və Xamis-Muşaytdakı aviabazaya isə ballistik raket atılıb.
Sariya hücumlar nəticəsində hər iki hava limanında obyektlərə ziyan dəydiyini və hava nəqliyyatının dayandırıldığını iddia edib.
Husilərin nümayəndəsi daha əvvəl də Ər-Riyaddakı hava limanına ballistik raketlə zərbə endirildiyini açıqlamışdı. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə Ər-Riyad və Xamis-Muşayt istiqamətində uçan üç raketin havada məhv edildiyini bildirmişdi.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti isə Ər-Riyadda raket qalıqlarının uşaq bağçasının binasına və tibb kompleksinə düşdüyünü açıqlamışdı.
