Husilər bir gündə Ben Qurion hava limanına iki dəfə raket atıblar


Yəməndəki husilər bir gündə ikinci dəfə İsrailin Tel-Əviv şəhərində yerləşən Ben Qurion hava limanına raket zərbəsi endirib.



Bu barədə qruplaşmanın yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya "Marah" telekanalına açıqlama verib.



“Yəmənin raket qüvvələri hipersəs ballistik raketdən istifadə edərək, Yaffa (Tel-Əviv) bölgəsində yerləşən Ben Qurion hava limanına hücum edib. Hücum uğurla həyata keçirilib, aeroportun fəaliyyəti pozulub və minlərlə işğalçı bomba sığınacaqlarına getməyə məcbur olub”, – deyə Sariya bildirib.



Onun sözlərinə görə, son saatlar ərzində bu hava limanına ikinci hücum olub və nəticədə Ben Quriona yönələn təyyarələr uçuş nöqtələrinə geri qayıtmağa məcbur olublar.



Bundan əvvəl husilər hava limanına hipersonik ballistik raketlə hücum etdiklərini açıqlamışdılar. İsrail ordusu da Yəməndən iki raket buraxıldığını təsdiqləyib. Hücum zamanı İsrailin bir neçə bölgəsində hava həyəcanı siqnalları səsləndirilib.



İsrail ordusunun məlumatına görə, hər iki raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Hazırda dağıntılar, tələfat və ya xəsarət alanlar barədə məlumat yoxdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu