Çapar – Milli İrsin Tədqiqi Mərkəzinin nümayəndələri Azərbaycanın ABŞ-dəki səfirliyində görüş keçirib


Çapar – Milli İrsin Tədqiqi Mərkəzinin nümayəndələri Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində görüş keçiriblər. Görüşdə Mərkəzin sədri, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhməd, idarə heyətinin üzvləri Ərşad Bağırov və Qurban Abbaslı, eləcə də ABŞ-də yaşayan tanınmış diaspor fəalı Zaur Bayramlı iştirak ediblər.

Görüşdə səfirliyin konsulu Ramel Lətifov və əməkdaşı Jalə Rəfiyeva ilə “Amerikada Azərbaycan izləri” layihəsinin icrası, indiyədək görülmüş işlər və qarşıdakı fəaliyyət planları müzakirə olunub.

Mərkəzin nümayəndələri səfirliyin diplomatlarına layihənin məqsədi, ABŞ-də apardıqları tarixi araşdırmalar, keçirilən görüşlər və əldə olunan nəticələr barədə məlumat veriblər. Həmçinin layihə çərçivəsində hazırlanmış “Bound for America: Stories of Early Immigrants from Azerbaijan (1900–1950)” kitabı təqdim olunub.

Görüş zamanı ABŞ-də Azərbaycan mühacirət tarixinə dair araşdırmaların davam etdirilməsi, yeni tarixi materialların üzə çıxarılması, mühacirlərin ailə üzvləri və onların varisləri ilə görüşlərin keçirilməsi, eləcə də layihənin növbəti mərhələlərinin həyata keçirilməsi ilə bağlı planlar diqqətə çatdırılıb.

Ramel Lətifov aparılan işi müsbət qiymətləndirərək Mərkəzin nümayəndələrinə fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, “Amerikada Azərbaycan izləri” layihəsi Çapar – Milli İrsin Tədqiqi Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi ABŞ-yə mühacirət etmiş azərbaycanlıların həyat və fəaliyyətini araşdırmaq, onların tarixi irsini sənədləşdirmək və Azərbaycan mühacirət tarixinin bu istiqamətini beynəlxalq ictimaiyyətə tanıtmaqdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu