Alimlər cazibə qüvvəsindən istifadə edərək divarın arxasına mesaj ötürüblər
Avstraliyalı fiziklər 1950-ci illərdən qalma lift və yüksək dəqiqlikli ölçmə cihazından istifadə edərək qalın kərpic divarın arxasına simsiz mesaj ötürməyi bacarıblar.
AFN.az xəbər verir ki, Kvinslend Universitetinin alimləri cazibə qüvvəsini rabitə vasitəsi kimi tətbiq etdikləri təcrübədə təxminən 70 santimetr qalınlığındakı divarın o tayına, demək olar ki, qarşısıalınmaz siqnal göndəriblər.
Təcrübədə 1950-ci illərdən qalma yavaş lift, qalın kərpic divar və liftin yanında yerləşən kişi tualetindən istifadə olunub.
Science Advances jurnalında dərc olunan araşdırmada alimlər lifti iki mərtəbə arasında hərəkət etdirərək cazibə sahəsindəki dəyişiklikləri ölçüblər. Bu üsulla ikilik kod sistemində ingilis dilində cazibə qüvvəsi mənasını verən gravity sözü ötürülüb.
Təcrübə zamanı lift şaxtasının dərhal yanındakı tualetin döşəməsinə qravimetr adlanan yüksək dəqiqlikli cazibə qüvvəsi ölçmə cihazı yerləşdirilib. Liftin 1,8 tonluq əks çəkisi iki mərtəbə arasında hərəkət etdikcə cihaz onun mövqeyindəki dəyişiklikləri qeydə alıb.
Tədqiqatçılar əks çəkinin iki fərqli səviyyəsini kompüter dilindəki 0 və 1 rəqəmlərinə uyğun kodlaşdıraraq mesaj yaradıblar. Təcrübədə məlumat ötürmə sürəti dəqiqədə cəmi bir bit olub. Buna görə də bir sözün qarşı tərəfə çatdırılması təxminən bir saat çəkib.
Alimlər həddindən artıq aşağı ötürmə sürətinə görə cazibə qüvvəsi vasitəsilə rabitənin hələlik gündəlik istifadədən çox uzaq olduğunu bildirirlər. Bununla belə, onlar bu üsulun özünəməxsus üstünlüyünə diqqət çəkirlər.
Tədqiqatın müəlliflərindən doktor Çarlz Voffinden bildirib ki, müasir simsiz rabitədə istifadə olunan elektromaqnit siqnalları adi maneələrlə qarşılaşdıqda kəsilə bilər, lakin cazibə siqnallarının qarşısını bu yolla almaq mümkün deyil.
Voffinden tuneldə telefon siqnalı kəsilən və ya qalın divarlara görə internet bağlantısı pozulan hər kəsin bu texnologiyanın potensialını asanlıqla anlaya biləcəyini qeyd edib.
Tədqiqatın həmmüəlliflərindən professor Metyu Devis isə mövcud vəziyyətdə bu üsulun praktikada necə tətbiq oluna biləcəyini təsəvvür etməyin çətin olduğunu bildirib.
Bununla belə, alimlər təcrübənin nəzəri baxımdan son dərəcə maraqlı və həyata keçirilməyə dəyər olduğunu vurğulayıblar. Onların fikrincə, cazibə dalğaları və sahədəki dəyişikliklər əsasında qurulan bu rabitə üsulu gələcək elmi tədqiqatlara yeni yanaşma qazandıra bilər.

