NASA Neptunun orbitindən kənarda qədim buz ehtiyatının izlərini aşkarlayıb


NASA alimləri Yer atmosferinin yuxarı qatlarından toplanmış kosmik toz hissəciklərini araşdırarkən Neptunun orbitindən kənarda yerləşən Kuiper qurşağında qədim buz ehtiyatının mövcudluğuna dair sübutlar aşkarlayıblar.

AFN.az xəbər verir ki, araşdırmanın nəticələri Günəş sisteminin formalaşmasının ilkin mərhələlərində suyun və digər maddələrin necə paylandığı, eləcə də planetlərin yaranmasında hansı rol oynadığı barədə yeni məlumatlar təqdim edir.

NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzinin mütəxəssisləri yeni tədqiqat çərçivəsində stratosferdən toplanmış 12 mikroskopik toz hissəciyini təhlil ediblər. Nümunələr ER-2 yüksəkmənzilli tədqiqat təyyarəsinin köməyi ilə əldə olunub.

Alimlər hissəciklərdə enerjili Günəş zərrəciklərinin təsirindən yaranmış çoxsaylı izlər aşkar ediblər. Bu izlər nümunələrin mümkün mənşəyini müəyyənləşdirməyə və onları Kuiper qurşağı ilə əlaqələndirməyə imkan verib.

Tədqiqat zamanı hissəciklərin mineral tərkibi və oksigenin izotop xüsusiyyətləri öyrənilib. Bunun üçün NASA-da müasir elektron mikroskopiya üsullarından, Kaliforniya Universitetinin Los-Anceles filialında (UCLA) isə ion mikrozondundan istifadə olunub.

Təhlillər nəticəsində Günəş sisteminin mövcudluğunun ilkin dövrlərində suyun kosmik tozla qarşılıqlı təsiri nəticəsində yaranmış minerallar aşkarlanıb. Onların kimyəvi xüsusiyyətləri qədim suda oksigenin ağır izotoplarının konsentrasiyasının yüksək olduğunu göstərib.

Tədqiqatın nəticələri planetlərin formalaşdığı dövrdə Günəş sisteminin müxtəlif bölgələrindəki maddələrin necə hərəkət etdiyini və bir-birinə qarışdığını anlamağa kömək edir.

Oksigen izotoplarının tərkibini müqayisə etmək üçün alimlər NASA-nın Günəş küləyindən nümunələr toplamaq məqsədilə həyata keçirdiyi “Genesis” missiyasının məlumatlarından da istifadə ediblər. Bu məlumatlar Günəş sistemindəki müxtəlif materialların izotop xüsusiyyətlərini müqayisə etmək üçün əsas göstərici rolunu oynayır.

Alimlər meteoritlərdə eyni izotop əlamətlərinə nadir hallarda rast gəlindiyinə də diqqət çəkirlər. Bu, nəhəng planetlərin Günəş sisteminin daxili və xarici hissələri arasında maddə mübadiləsini məhdudlaşdırmış ola biləcəyini göstərir.

Beləliklə, kosmik toz hissəciklərinin araşdırılması milyardlarla il əvvəl mövcud olmuş şəraiti bərpa etməyə, suyun və digər maddələrin gənc Günəş sisteminin müxtəlif bölgələri arasında necə paylandığını daha yaxşı anlamağa imkan yaradır. Bu proseslər planetlərin yaranmasında və onların kimyəvi tərkibinin formalaşmasında mühüm rol oynayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu