İsrail və Aİ arasında gərginlik Avropa Komissiyasının mövqeyini gücləndirib


İsrailin xarici işlər naziri Gideon Saarla Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas arasında yaranan münaqişə Yaxın Şərq məsələlərində Avropa Komissiyasının rolunu gücləndirib.

AFN.az “Politico” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında açıq qarşıdurmadan sonra İsraillə Aİ adından daimi əlaqələri Avropa Komissiyasının Aralıq dənizi məsələləri üzrə komissarı Dubravka Şuitsa həyata keçirməyə başlayıb. Beləliklə, Aİ-nin diplomatik funksiyalarının bir hissəsi Avropa Komissiyasına keçib.

Münaqişə iyun ayında Saarın Kallasla əlaqələri dayandırdığını elan etməsindən sonra başlayıb. İsrailin xarici işlər naziri bu qərarını Aİ-nin baş diplomatının İsraili aparteid dövründəki Cənubi Afrika Respublikası ilə müqayisə etməsinə etirazı ilə əsaslandırıb. Saar həmin açıqlamanı “qanlı böhtan” adlandıraraq Kallasdan üzr istəməsini tələb edib.

“Politico” yazır ki, Şuitsa Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə birlikdə Suriyaya və İordaniyaya səfər edəcək. Kallas isə Brüsseldə keçiriləcək Aralıq dənizi təhlükəsizliyi forumunda iştirak edəcək.

İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti əlaqələrin dayandırılması qərarının qüvvədə qaldığını təsdiqləyib. Qurumdan bildirilib ki, bu qərar yalnız Aİ-nin baş diplomatına aiddir.

Nəşrin mənbələrinin məlumatına görə, münaqişədən əvvəl iki rəsmi şəxs messencer vasitəsilə mütəmadi olaraq qeyri-rəsmi yazışmalar aparırmış. “Politico” hesab edir ki, yaranmış vəziyyət Aİ-nin diplomatik xətti üçün problemə çevrilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu