JetBlue təyyarəsində güclü turbulentlik: Beş nəfər xəsarət alıb



Puerto-Rikodan Floridaya uçan JetBlue aviaşirkətinə məxsus sərnişin təyyarəsində baş verən güclü turbulentlik nəticəsində ekipaj üzvləri də daxil olmaqla beş nəfər xəsarət alıb. 

AFN.az xəbər verir ki, təyyarə Fort-Loderdeyl-Holivud Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib, xəsarət alanlar isə xəstəxanaya aparılmaqdan imtina ediblər.

JetBlue-nun 1717 saylı reysi çərşənbə axşamı səhər saatlarında baş verən güclü silkələnmədən sonra Fort-Loderdeylə təhlükəsiz enib.

Təyyarədə çoxsaylı yaralıların olduğu barədə məlumat verildikdən sonra Brovard dairəsinin şerif idarəsinə tabe olan yanğınsöndürmə və xilasetmə qrupları hadisə yerinə gəlib. Təyyarə tibbi yardım qruplarının gözlədiyi 3-cü terminala yönləndirilib.

JetBlue-nun açıqlamasında təyyarənin təhlükəsiz şəkildə eniş etdiyi, tibb işçilərinin sərnişinləri və ekipaj üzvlərini müayinə etdiyi bildirilib. Heç kimin xəstəxanaya aparılmadığı qeyd olunub. Təyyarədə hər hansı zədənin qeydə alınmadığı da vurğulanıb.

Uçuşun çərşənbə axşamı səhər saatlarında Türks və Kaykos adaları, eləcə də Baham adalarının cənubu daxil olmaqla, fırtınaların təsir göstərdiyi ərazidən keçdiyi ehtimal olunur. “The Weather Channel” telekanalının meteoroloqu Conatan Erdmanın sözlərinə görə, peyk görüntülərində çərşənbə axşamı səhər saatlarında Baham adalarının cənub-şərqində, Türks və Kaykos adaları ətrafında, həmçinin Haitinin bir qədər şimalında fırtına buludları müşahidə edilib.

Peyk məlumatlarına əsasən, təyyarənin marşrutu üzərindəki fırtınalar 45-50 min fut hündürlüyə qədər yüksəlib. Pilotlar fırtınaların üzərindən keçməkdə çətinlik çəkdikləri üçün marşrutu dəyişərək Dominikan Respublikasının şimalı istiqamətində kəskin dönüş ediblər. Turbulentliyin baş verdiyi dəqiq yer isə hələ təsdiqlənməyib.

Hadisə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) ötən həftəsonu ölkə üzrə uçuşları müvəqqəti dayandırmasından qısa müddət sonra baş verib. Telekommunikasiya sistemindəki fasilə səbəbindən verilən qərar zamanı 3 500-dən çox təyyarə havada olub. Qərar nəticəsində təxminən 15 min reys gecikib, 5 min reys isə ləğv edilib.

FAA cümə günü axşam saatlarında uçuşların dayandırılması qərarını ləğv edib. Ağ Evdə keçirilən mətbuat konfransında daxili təhlükəsizlik naziri Markveyn Mullin köhnə hava hərəkətinə nəzarət sisteminə yeni texnologiyanın inteqrasiyasının sistemə əlavə yük yaratdığını bildirib. Həmin toplantıda Tramp administrasiyasının rəsmiləri sistemin tamamilə yenilənməsi üçün 50 milyard dollar vəsaitə ehtiyac olduğunu deyiblər. Nəqliyyat naziri Şon Daffi isə Prezident Donald Trampın bu büdcəni tələb etdiyini və Konqresin maliyyə ayırıb-ayırmayacağının müzakirə mövzusu olduğunu qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu