İngiltərədə yüzlərlə uşağa arıqlama iynələri təyin edilib
İngiltərədə 12 yaşından kiçik uşaqların da daxil olduğu yüzlərlə yetkinlik yaşına çatmamış şəxsə arıqlamaq məqsədilə istifadə olunan GLP-1 qrupundan olan dərmanlar təyin edilib.
AFN.az xəbər verir ki, 18 yaşdan kiçik uşaqlara bu preparatların yazılması ilə bağlı məlumatlar İngiltərənin Milli Səhiyyə Xidmətinin (NHS) statistikasına əsaslanan araşdırmada üzə çıxıb.
The Guardian nəşrinin NHS məlumatlarına istinadən apardığı araşdırmaya görə, 2025-2026-cı illərdə 18 yaşdan kiçik 419 uşağa bu dərmanlar üçün resept verilib. Onlardan 10-nun yaşı 12-dən az olub.
2026-cı ilin iyul ayına qədərki dörd aylıq dövrdə isə 341 uşaq bu preparatlar üçün resept alıb. Həmin uşaqlardan 15-i 12 yaşdan kiçik olub.
Məlumatlar İngiltərədəki icma apteklərində qarşılanan reseptləri əhatə edir, özəl klinika və xəstəxanalarda yazılan reseptlər isə statistikaya daxil edilməyib. Buna görə də real sayın daha yüksək ola biləcəyi bildirilir.
Əvvəlcə 2-ci tip diabetin müalicəsi üçün hazırlanan GLP-1 qrupundan olan dərmanlar hazırda piylənmənin müalicəsində də istifadə edilir.
Mütəxəssislər vurğulayırlar ki, bu preparatların uşaqlara təyin edilməsi yalnız ağır piylənmə hallarında və digər müalicə üsulları nəticə vermədikdə nəzərdən keçirilməlidir.
Bu dərmanlardan istifadə edən uşaqların böyümə prosesinin, cinsi yetişkənlik inkişafının, qidalanmasının və psixi sağlamlığının yaxından izlənilməsinin vacibliyinə diqqət çəkən mütəxəssislər müalicə dayandırıldıqdan sonra itirilən çəkinin yenidən geri qaytarıla biləcəyini bildirirlər.
İngiltərədə 4-5 yaşlı uşaqların 10,7 faizi, 10-11 yaş qrupunda olanların isə 22,8 faizi piylənmədən əziyyət çəkir.
Dünya Səhiyyə Təşkilatı (ÜST) da ötən ay yayımladığı təlimatda GLP-1 daxil olmaqla, piylənməyə qarşı dərmanların 10 yaşdan kiçik uşaqlara verilməməli olduğunu bildirib.


