İngilis turistlər Litvada kilsədən oğurladıqları İsa heykəlini sındırdılar


Litvada kilsədən oğurlanan qızıl İsa heykəlini sındıran iki turistlə bağlı polis araşdırma aparır.

AFN.az xəbər verir ki, şübhəlilərin noyabrın 11-də, çərşənbə günü, XV əsrə aid İlahi Mərhəmət Məbədi kilsəsindən heykəli oğurladıqları ehtimal olunur.

Təhlükəsizlik kameralarının görüntülərində qızıl İsa heykəlinin Vilnüsün İçərişəhər adlanan köhnə şəhər hissəsində daş döşənmiş küçədə parçalanması əks olunub.

Videoda şəxslərdən birinin gülərək heykəli dostuna tərəf qaldırdığı, küçədə büdrəyərək hərəkət etdiyi və bundan sonra heykəlin qollarının qəfil qopduğu görünür.

Rəsmilər şübhəlilərin vətəndaşlığını təsdiqləməyiblər. Lakin digər şəxs hadisəni mobil telefonla çəkərkən onlardan birinin ingilis aksenti ilə Dinlə, dinlə, Allaha şükürlər olsun dediyi eşidilir.

İki şəxs daha sonra qırılmış heykəli yerdə qoyaraq hadisə yerindən qaçıblar.

Kilsənin keşişi Elijas Anatolijus Markauskas görüntüləri internetdə paylaşaraq hadisədə iştirak edən iki şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün ictimaiyyətdən kömək istəyib.

Markauskas Facebook səhifəsindəki paylaşımında noyabrın 11-dən 12-nə keçən gecə Vilnüsdəki İlahi Mərhəmət Məbədinin yaxınlığında İsa heykəlinin çarmıxdan qoparılaraq sındırıldığını bildirib. Keşiş hadisədən dərin kədər duyduğunu vurğulayaraq bunun sadəcə müqəddəs əşya deyil, insanların sevdiyi, dua etdiyi, dünyanı, vətəni, yaxınlarını və özlərini əmanət etdikləri şəxsin təsviri olduğunu qeyd edib.

Keşiş açıqlamasının davamında İlahi Mərhəmət Məbədində hər gün İsa, sənə güvənirəm sözlərini təkrarladıqlarını bildirib. O, həmin gün bu sözləri kədər içində söylədiyini, nifrətə təslim olmamaq üçün Tanrıdan kömək dilədiyini və heykəli sındıran şəxslərin etdiklərini anlamaları, İsanın bağışlayan sevgisini tanımaları üçün dua etdiyini deyib.

Vilnüsdəki İlahi Mərhəmət Məbədi kilsəsində Yevgeniuş Kazimirovskinin 1934-cü ildə çəkdiyi orijinal İlahi Mərhəmət tablosu da saxlanılır.

Heykəlin qırılmış hissələri əvvəllər asıldığı yerin altına qoyulub və ətrafı güllərlə bəzədilib.

Vilnüs polisi açıqlamasında bildirib ki, noyabrın 11-də saat 21:00 radələrində Dominikonu küçəsində yerləşən kilsənin daxili həyətində naməlum şəxs taxta çarmıxa asılmış qızıl İsa heykəlini sındırıb. Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində işlər davam edir. Litva Respublikasının Cinayət Məcəlləsinin 284-cü maddəsi əsasında ilkin istintaqa başlanılıb.

Heykəli sındırmaqda şübhəli bilinən şəxslərdən birinin kimliyi noyabrın 14-də müəyyən edilib. Hüquq-mühafizə orqanları həmin şəxsin dindirildiyini və barəsində şübhəli statusu ilə bağlı protokol tərtib olunduğunu bildiriblər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu