Brüsseldə siçovullarla mübarizəyə gəlincik və itlər cəlb olunub



Belçikanın paytaxtı Brüsseldə siçovul probleminə qarşı gəlincik və itlərdən istifadə edilən pilot layihənin ilk mərhələsində 97 gəmirici məhv edilib. 

AFN.az xəbər verir ki, şəhər mərkəzində həyata keçirilən sınaq zamanı siçovulları yuvalarından çıxarmaq üçün onların təbii düşmənləri olan gəlinciklərdən, məhv edilməsi üçün isə itlərdən istifadə olunub.

Bruzz nəşrinin məlumatına görə, piyadalar üçün ayrılmış şəhər mərkəzi ərazisində peşəkar zərərvericilərə qarşı mübarizə mütəxəssisinin rəhbərliyi ilə aparılan işlərdə bu üsul tətbiq edilib.

Bir neçə saat davam edən tədbir zamanı əksəriyyəti iri ölçülü olan 97 siçovul məhv edilib.

Bələdiyyənin rəqəmsal idarə olunan tələləri vasitəsilə indiyədək 1 794 siçovul da tutulub. Gəmiricilərə qarşı mübarizənin gündəlik müdaxilələr, ağıllı tələlər və gəlinciklərdən istifadə yolu ilə davam etdiriləcəyi bildirilib.

İlin sonuna yaxın gəlinciklərin cəlb olunacağı daha bir oxşar tədbirin keçirilməsi planlaşdırılır.

Brüsselin müxtəlif yaşayış məntəqələrində uzun müddətdir müşahidə olunan siçovul problemi son dövrlərdə şəhərin tarixi və turistik mərkəzi olan Qrand-Plas və ətrafındakı piyadalar zonasına da yayılıb.

Siçovulların küçələrdə və obyektlərin yaxınlığında görünməsi sahibkarların narazılığına səbəb olub. Qrand-Plas meydanındakı şokolad mağazalarından birinin vitrinində qeydə alınan siçovul görüntüləri isə sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Bələdiyyə may ayında problemlə mübarizə məqsədilə xüsusi işçi qrupu yaradıb, bu sahəyə ayrılan büdcəni 35 min avrodan 100 min avroya çatdırıb. Yay aylarında tədbirlər gücləndirilib və şəhər mərkəzindəki piyadalar zonasına 15 ağıllı siçovul tələsi yerləşdirilib.

Bələdiyyə müəssisələrə, restoranlara və kafelərə siçovullarla mübarizə xidmətini ödənişsiz təqdim edir. Eyni zamanda, obyekt sahiblərindən və şəhər sakinlərindən küçələrdə qida məhsulları və tullantılar qoymamaq xahiş olunur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu