Brüsselin tarixi mərkəzində siçan problemi böyüyür: 1000-dən çox siçan tutulub
Belçikanın paytaxtı Brüsseldə uzun müddətdir müxtəlif yaşayış ərazilərində müşahidə olunan siçan problemi şəhərin tarixi və turistik mərkəzi Grand-Place meydanına da yayılıb.
AFN.az xəbər verir ki, xüsusilə meydan və ətrafındakı piyada zonasında siçanların küçələrdə və obyektlərin yaxınlığında görünməsi yerli sahibkarların narazılığına səbəb olub.
Son günlər Grand-Place ərazisində fəaliyyət göstərən şokolad mağazalarından birinin vitrinində siçanın görünməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Məlumata görə, fevral ayından etibarən keçirilən 137 əməliyyat zamanı 1073 siçan tutulub. Yay aylarında problemin qarşısının alınması üçün tədbirlər gücləndirilib və şəhər mərkəzindəki piyada zonasına 15 ağıllı siçan tələsi yerləşdirilib.
Brüsselin bələdiyyəsi may ayında siçanlarla mübarizə məqsədilə xüsusi işçi qrupu yaradıb. Bu istiqamətdə ayrılan büdcə də 35 min avrodan 100 min avroya çatdırılıb.
Brüssel meri Filip Klouz sentyabrın 7-də keçirilən bələdiyyə məclisinin iclasında siçanlarla mübarizənin bələdiyyənin əsas prioritetləri sırasında olduğunu bildirib.
Bələdiyyə, həmçinin müəssisələrə, restoran və kafelərə pulsuz siçanlarla mübarizə xidməti göstərir. İş yerlərinin sahibləri və şəhər sakinlərindən isə küçələrdə qida məhsulları və tullantı buraxmamaq tələb olunur.
Müxalifət partiyaları isə görülən tədbirlərin kifayət etmədiyini düşünür.
Ecolo-Groen Partiyasının üzvü Lotte Stups bələdiyyənin həyata keçirdiyi tədbirlərin yetərsiz qaldığını bildirərək, sahibkarların vəziyyətdən narazı olduğunu deyib. Onun sözlərinə görə, bəzi Brüssel sakinləri və turistlər axşam və gecə saatlarında ərazidən uzaq durmağa başlayıblar.
