Kaja Kallas: Rusiyanın sülh danışıqlarındakı tələbləri əsassızdır
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyanın sülh danışıqlarında irəli sürdüyü tələbləri əsassız hesab etdiyini bildirib.
AFN.az xəbər verir ki, Kallas Aİ-nin qarşılığında heç nə əldə etmədən hər hansı addım atmamalı olduğunu və danışıqlar qrupunun atəşkəsə nail olmaq üçün təzyiq göstərməli olduğunu vurğulayıb.
Kallas Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısının əvvəlində jurnalistlərin suallarını cavablandırıb.
Aİ liderlərinin noyabrın 13-də Avropanın danışıqlarda necə təmsil olunacağını müəyyənləşdirdiyini xatırladan Kallas xarici işlər nazirləri ilə müzakirələrin məzmunu üzərində işləməyə davam edəcəklərini deyib.
Onun sözlərinə görə, Rusiya 2021-ci ildə, müharibədən əvvəl də tələblər siyahısı təqdim edib, indi isə Moskva həmin tələbləri yenidən gündəmə gətirərək onlara yenilərini əlavə edir. Kallas bunu müharibəni davam etdirmək üçün açıq bəhanə adlandıraraq, məsələyə real yanaşmağın vacibliyini vurğulayıb.
Kallas Rusiyanın maksimum tələblərinə qarşı Aİ-nin irəli sürə biləcəyi maksimum tələbləri nazirlərlə müzakirə edəcəklərini və qarşıda intensiv işin olduğunu bildirib.
Avropada mövcud təhlükəsizlik arxitekturasının olduğunu xatırladan ali nümayəndə Rusiyanın Helsinki Yekun Aktı və Budapeşt Memorandumu da daxil olmaqla çoxsaylı sazişlərlə bu qaydaları qəbul etdiyini deyib.
Kallas problemin Rusiyanın imzaladığı sazişlərə əməl etməməsi olduğunu bildirərək, Moskvanın bu razılaşmalara riayət edəcəyini göstərən konkret güzəştlər etməli olduğunu qeyd edib.
O, əsas prioritetin atəşkəs olmalı olduğunu vurğulayıb. Kallasın sözlərinə görə, digər məsələlərin müzakirəsinə başlanması üçün ilk növbədə atəşkəs əldə edilməlidir.
ABŞ tərəfinin avropalıların növbəti danışıqlar raunduna daxil ediləcəyini bildirdiyini deyən Kallas təmsilçilik formatının bu səbəbdən müəyyənləşdirildiyini söyləyib. O, əsas məsələnin danışıqların məzmunu olduğunu, həm atəşkəsə, həm də Rusiyanın yenidən hücum etməsinin qarşısını alacaq davamlı sülhə nail olunmasına təkid edilməli olduğunu vurğulayıb.
Kallas hər hansı plandan xəbərdar olmadığını, nazirlərlə müzakirə etdikləri məsələnin Aİ-nin maksimum tələblər siyahısı olduğunu bildirib.
Rusiyanın avropalıların hələ ona heç nə təklif etmədiyini iddia etdiyini xatırladan Kallas bununla bağlı belə deyib: Müharibəni Rusiya başlayıb, təcavüzkar odur və qarşı tərəfdə zərərçəkən var. Buna baxmayaraq, sanki Rusiyaya nəsə təklif etmək Aİ-nin öhdəliyinə düşürmüş kimi vəziyyət yaradılır.
Ukraynada və Avropada ədalətli və davamlı sülhün təmin olunması üçün Rusiyanın güzəştlərə getməli olduğunu bildirən Kallas Avropanı danışıqlarda təmsil edəcək heyətlə bağlı qərarın liderlər tərəfindən verildiyini qeyd edib.
O, xarici işlər nazirləri ilə hər ay görüşdüyünü, Avropa Xarici Fəaliyyət Xidmətində əvvəlki danışıqlardan xəbərdar olan və Rusiya üzrə ixtisaslaşmış əməkdaşların çalışdığını xatırladıb. Kallas bu heyətlə danışıqların məzmunu üzərində işləməyi davam etdirə biləcəyini bildirib.
Aİ-nin maksimum tələbləri arasında Rusiya hərbçilərinin digər ölkələrdən çıxarılmasının olub-olmadığı barədə suala cavab verən Kallas Rusiyanın hazırda hərbi qüvvə saxladığı bütün ölkələrdən qoşunlarını çıxarmasının da siyahıya daxil olduğunu deyib.
Rusiyanın tələblərini əsassız adlandıran Kallas həmin ölkələrin heç birinin Rusiyaya hücum etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, Moskva çoxsaylı tələblər irəli sürür və sonradan onların bir hissəsindən geri çəkilərək özünü guya məntiqli mövqe nümayiş etdirən tərəf kimi göstərməyə çalışır.
Kallas danışıqlar qrupunun hər zaman qarşı tərəfdən hansısa güzəşt tələb edilərkən bunun əvəzində nə əldə olunacağını soruşmalı olduğunu bildirib. O, Aİ-nin sanksiyalar və dondurulmuş aktivlər kimi təsir vasitələrinə malik olduğunu xatırladıb.
Qarşılığında heç nə əldə etmədən hər hansı addım atılmamasına ümid etdiyini deyən Kallas Rusiyanın tələblərini ciddi hesab etmədiyini təkrarlayıb və danışıqlar qrupunun atəşkəs üçün təzyiq göstərməli olduğunu vurğulayıb. O, Ukraynadakı insanları öldürməyə və mülki infrastruktura hücumları dayandırmağa çağıraraq, bundan sonra sülh sazişinin müzakirəsinə başlamağın mümkün olacağını bildirib.
Kallas toplantı çərçivəsində Mərkəzi Asiya, Qara dəniz və Cənubi Qafqaz ölkələrinin nümayəndələri ilə də nazir səviyyəsində görüşlərin keçiriləcəyini bildirib.
Ötən həftəsonu Qara dənizdə baş verən hücumları nəzərə alaraq görüşlərin vaxtının əhəmiyyətini vurğulayan Kallas təhlükəsizliklə yanaşı, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı məsələlərinin də müzakirə ediləcəyini deyib.
O, ölkələrin enerji mənbələrini, ticarət marşrutlarını və təchizat zəncirlərini şaxələndirmək istədiklərini bildirib. Kallas tərəfdaşların birgə həyata keçirə biləcəyi əlavə addımların da müzakirə olunacağını qeyd edib.
Toplantıdan sonra Ukraynada minaların təmizlənməsi ilə bağlı konfransın keçiriləcəyini bildirən Kallas burada əldə edilən məlumat və təcrübənin dünyanın digər bölgələrindəki minatəmizləmə işlərində də istifadə oluna biləcəyini söyləyib.
Ötən həftə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə keçirilən görüşlərdə müharibənin başa çatdırılması səyləri və təhlükəsizlik məsələləri müzakirə olunmuşdu.
Aİ liderləri də noyabrın 13-də Dublində keçirilən qeyri-rəsmi sammitdə danışıqlarda Avropanı Aİ Şurası və Avropa Komissiyası ilə yanaşı, Almaniya, Fransa, Polşa, İtaliya və Böyük Britaniyanın daxil olduğu E5 qrupundan ibarət heyətin təmsil etməsi barədə razılığa gəlmişdilər.
