İspaniyada 14 ildən sonra ilk ümumi tətil: 4 milyon işçi etiraz aksiyasına qoşuldu
İspaniyada mənzil qiymətlərinin və kirayə haqlarının artmasına etiraz edən təxminən 4 milyon işçi 14 ildən sonra keçirilən ilk ümumi tətilə qatılıb.
AFN.az xəbər verir ki, ölkə üzrə iş yerləri bağlanıb, limanlarda və avtomobil zavodlarında istehsal böyük ölçüdə dayanıb. Tətil noyabrın 29-da keçiriləcək növbədənkənar seçkilər ərəfəsində hökumətə təzyiqi artırıb.
İspaniyada dərinləşən mənzil böhranı və artan kirayə haqları səbəbindən milyonlarla işçi ümumi tətilə çıxıb. Həmkarlar ittifaqlarının açıqlamasına görə, çərşənbə günü təxminən 4 milyon nəfər işi dayandırıb. 2012-ci ildən bəri keçirilən ilk ümumi tətilə ölkənin iki ən böyük həmkarlar ittifaqı – UGT və CCOO ilə yanaşı, kirayəçilərin birlikləri də dəstək verib.
Paytaxt Madrid başda olmaqla bir çox şəhərdə etiraz aksiyaları keçirilib. Madridin ən işlək küçələrindən olan Qran-Viyada Primark, H&M və Pull & Bear kimi mağazalar fəaliyyətini dayandırıb. Barselonada da mümkün insidentlərin qarşısını almaq məqsədilə çoxsaylı iş yerləri bağlanıb. Etirazçılar mənzil qiymətlərinin və kirayə haqlarının artması səbəbindən öz evlərinə köçə bilmədiklərini bildiriblər.
İspaniya Mərkəzi Bankının məlumatına görə, ölkədə təxminən 750 min mənzil çatışmazlığı var. Bu rəqəmin 2028-ci ilədək 1 milyonu ötəcəyi gözlənilir. İspaniya Gənclər Şurasının məlumatına əsasən, orta kirayə haqqı 1 176 avroya çatıb. Bu məbləğ gənclərin orta aylıq əməkhaqqının təxminən 98,7 faizinə bərabərdir.
Tətilə qoşulma xüsusilə limanlarda və avtomobil sənayesində yüksək olub. Həmkarlar ittifaqları bu sahələrdə iştirak səviyyəsinin 90 faizə çatdığını, Volkswagen-in Navarra bölgəsindəki və SEAT-ın Barselonadakı zavodlarında istehsalın tamamilə dayandığını açıqlayıb. Elektrik enerjisinə tələbat da səhər saatlarında 15,5 faizə qədər azalıb. Digər tərəfdən, polis tətilə bağlı hadisələrdə günorta saatlarınadək 40 nəfərin saxlanıldığını bildirib. Müdaxilələr zamanı 20 etirazçının yaralandığı qeyd olunub.
Ümumi tətil noyabrın 29-da keçiriləcək növbədənkənar seçkilər ərəfəsində Baş nazir Pedro Sançes hökumətinə təzyiqi artırıb. Mənzil böhranının həllinə yönəlmiş qanunvericilik təşəbbüslərinin parlamentdə rədd edilməsi və evdən çıxarılmalara qarşı etirazların genişlənməsi növbədənkənar seçki qərarına təsir göstərən amillərdən olub. İşəgötürənləri təmsil edən qurumlar isə problemin həllinin daha çox mənzil tikməkdən, tikinti və mənzil alışı üzrə vergiləri azaltmaqdan keçdiyini bildirirlər.


