Estoniya Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayır
Estoniya Rusiyanın hərbi kəşfiyyat xidməti QRU-nun göstərişi ilə təşkil edildiyi iddia olunan pilotsuz uçuş aparatları istehsalçısına qarşı təxribat cəhdindən sonra Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini dekabrın 1-dən bağlamaq qərarına gəlib.
AFN.az xəbər verir ki, hücum cəhdi ilə əlaqəli 8 nəfər saxlanılıb.
Estoniya müdafiə sənayesində fəaliyyət göstərən pilotsuz uçuş aparatları istehsalçısına qarşı təxribat cəhdindən sonra Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayacağını açıqlayıb. Qərarın dekabrın 1-də qüvvəyə minəcəyi bildirilib.
Estoniya Daxili Təhlükəsizlik Xidməti KAPO şənbə günü səhər saatlarında Threod Systems şirkətinə qarşı hücum cəhdi ilə əlaqədar 8 nəfərin saxlanıldığını açıqlayıb. Uzaqmənzilli zərbə və kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları istehsal edən şirkətin təhlükəsizlik əməkdaşlarının müdaxiləsi nəticəsində hadisə zamanı xəsarət alan olmayıb və heç bir zərər qeydə alınmayıb. Rəsmilər hücumun binada partlayış və yanğın törətmək məqsədi daşıdığını bildiriblər.
Estoniya hakimiyyəti hücumun Rusiyanın hərbi kəşfiyyat xidməti QRU-nun göstərişi ilə həyata keçirildiyini iddia edib. Saxlanılan 8 nəfərdən 5-nin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub. Estoniyanın Baş naziri Kristen Mixal sərhədlərin bağlanması qərarının yeni hücum riskini azaltmağa və müdafiə sənayesinə qarşı hücumların qəbul edilməyəcəyi barədə mesaj verməyə xidmət etdiyini deyib.
Mixal hücum cəhdini Estoniyanın Ukraynaya verdiyi dəstəklə əlaqələndirib. O, Rusiyanın məqsədinin ölkəni qorxutmaq, tərəddüdə salmaq və Ukraynaya göstərilən dəstəyi zəiflətmək olduğunu iddia edərək Estoniyanın təhlükəsizlik tədbirlərini gücləndirəcəyini və Ukraynaya yardımını davam etdirəcəyini bildirib.
Estoniyanın Rusiya ilə Narva, Koidula və Luhamaa olmaqla üç sərhəd-keçid məntəqəsi var. Bağlanma qərarının nə qədər müddət qüvvədə qalacağı isə açıqlanmayıb. Digər tərəfdən, Estoniya avqust ayında pilotsuz uçuş aparatları istehsalçısı Milrem Robotics-ə qarşı törədilən yanğın hücumuna görə də Rusiyanı məsul tutmuşdu. Moskva əvvəlki hücumla bağlı ittihamları rədd etmişdi. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə yeni sərhəd bağlama planını Rusiyaya qarşı yönəlmiş mövqe kimi qiymətləndirib.

