Bitcoinin qiyməti 65 min dollardan aşağı düşüb: Həftəlik itki 13 faizə yaxınlaşıb
Artan inflyasiya narahatlıqları və faiz dərəcələrinin uzun müddət yüksək qalacağına dair gözləntilər kriptovalyuta bazarına təzyiq göstərib.
AFN.az xəbər verir ki, bu amillərin təsiri ilə Bitcoinin qiyməti yenidən 65 min dollar həddindən aşağı düşüb.
CoinMarketCap analitik şirkətinin məlumatlarına görə, Bitcoin də daxil olmaqla, qlobal kriptovalyuta bazarının ümumi dəyəri təxminən 2 trilyon 200 milyard dollara enib.
Bazar dəyərinə görə dünyanın ən böyük kriptovalyutası olan Bitcoinin qiyməti həftəsonu baş verən kəskin satışlar nəticəsində iyulun əvvəlindən bəri ən aşağı səviyyəyə – 62 min dollara qədər geriləyib.
Bakı vaxtı ilə saat 10:50-yə olan məlumata görə, Bitcoin 64 min 984 dollardan ticarət olunub. Kriptovalyutanın həftəlik dəyər itkisi isə 13 faizə yaxınlaşıb. Bitcoin 2025-ci ilin oktyabrında qeydə aldığı təxminən 126 min dollarlıq tarixi maksimumundan da təqribən 50 faiz aşağı səviyyədədir.
Bitcoinin ümumi bazar dəyəri 1 trilyon 300 milyard dollar səviyyəsindədir. Kriptovalyuta 2025-ci ildə 6 faiz ucuzlaşdıqdan sonra bu il də dəyərinin təxminən 25 faizini itirib. Bununla belə, Bitcoin son 10 ildə təxminən 8 min 600 faiz bahalaşıb.
Bitcoinin ucuzlaşması altkoin bazarına da mənfi təsir göstərib. Bazar dəyərinə görə ikinci yerdə olan Ethereumun qiyməti həftə ərzində 13 faiz azalaraq 1821 dollar səviyyəsinə düşüb.


