Amazon-un 40 internet peykini daşıyan Vulcan raketi missiyanı başa çatdıra bilmədi
ABŞ-ın United Launch Alliance (ULA) şirkətinə məxsus Vulcan raketi buraxılışdan təxminən 10 dəqiqə sonra nasazlıq səbəbindən Amazon-un Leo peyk internet şəbəkəsi üçün daşıdığı 40 peyki orbitə çıxara bilməyib.
AFN.az xəbər verir ki, hadisədən sonra raketin uçuşunda yaranmış problemin səbəblərinin araşdırılmasına başlanacağı bildirilib.
Boeing və Lockheed Martin şirkətlərinin birgə müəssisəsi olan ULA tərəfindən hazırlanan raket Florida ştatındakı Kanaveral burnu Kosmik Qüvvələr Stansiyasından buraxıldıqdan sonra missiyasını yerinə yetirə bilməyib.
ULA-nın açıqlamasında bildirilib ki, buraxılışdan təxminən 10 dəqiqə sonra raketin uçuşu zamanı anormallıq qeydə alınıb və bu səbəbdən Amazon-a məxsus peykləri orbitə yerləşdirmək mümkün olmayıb.
Nasazlığın səbəbinin hələ müəyyən edilmədiyi qeyd olunan açıqlamada hadisə ilə bağlı texniki araşdırma aparılacağı vurğulanıb.
Əvvəlki iki uçuşunda bərk yanacaqlı yan sürətləndiricilər və əsas BE-4 mühərrikləri ilə bağlı texniki problemlər yaşayan raketin uçuşları dayandırılmışdı. Həmin mühərriklər Amazon-un qurucusu Ceff Bezosun kosmik şirkəti Blue Origin tərəfindən istehsal olunur.
Amazon 2025-ci ildən bəri 14 buraxılış vasitəsilə 398 Leo peykini orbitə yerləşdirib. Şirkət ilk internet xidmətini ilin sonunadək istifadəyə verməyi hədəfləyir.

