45-in hesabatı


Ömrün elə bir yaşı olur ki, arxaya baxanda rəqəmin özü də adama bir məsuliyyət yükləyir: 45! Bu, təkcə adi rəqəm deyil; bu, bir ömrün səhifələridir, mənim ad günümün rəqəmidir – 45.

Amma bu dəfəki ad günü rəqəmdən çox, son günlərdə telefon ekranında yanıb-sönən adlar, eşidilən doğma səslər və dostların sevgiylə açdığı süfrələrlə, həyatımda iz buraxacaq hədiyyələrlə yaddaşımda qaldı. İnsan gəncliyin o gurultulu çağını arxada qoyub bu həddə çatanda, xüsusən də 45-ci pilləni haqlayanda hesab-kitabı bir az fərqli aparır: nəyi düz etdik, harada səhvə yol verdik, kimə ocaq olduq, kimə sadəcə yoldan ötən bir kölgə?

Əgər bu gün ömrümün səhifələrini geriyə vərəqləsəm, Naxçıvandan başlayan o 27 illik ilk dayanacağı, daşlı-kəsəkli yolları, darvaza ağzındakı uşaqlıq səslərini heç vaxt silmərəm. İnsan haradan gəldiyini unutmayanda, hara getdiyini də yaxşı bilir. O illər adamı bişirir, sərtləşdirir, amma əsas məsələ içindəki o uşaq saflığını qoruyub saxlamaqdır.

Bu il doğum günü təqvimi mənim üçün bir qədər əvvəldən, daha isti başladı. Müəyyən səbəblərdən hələ dörd gün əvvəl sinfimizin oğlanları ilə bir araya gəlib bu yaşı erkən qeyd etməyimiz içimi isitdi. İllər keçir, saçlara dən düşür, amma o uşaqlıq dostluğunun saflığı heç vaxt dəyişmir. Sonra isə ayın 13-ü günorta saatlarından sinif yoldaşlarımın vatsap qrupu təbriklərlə canlanmağa başladı.

Gecə yarısına az qalmış isə zaman sanki başqa cür axırdı. Saat tam 23:59-u göstərəndə anamın və atamın zəngi gəldi. O səsdəki həyəcan, o dualar bütün yorğunluğu bir anın içində silib apardı. Ən gözəli də o oldu ki, valideynlərimin hələ sözü bitməmiş, onların zənginə dostum Zaur Əliyevin zəngi qarışdı. Bir tərəfdən doğma ocağın nəfəsi, digər tərəfdən hər zaman çiyin-çiyinə addımladığım qardaşımın təbriki... Ardınca gələn digər dost, qohum zəngləri, mesajlar adamı bir daha inandırdı ki, bu həyatda ən böyük sərvət qazandıqlarımız yox, yanımızda olan insanlardır.

Dünən isə dostlarımın açdığı o səmimi süfrə, bir arada keçən saatlar bu 45 ilin ən gözəl yekunu oldu. Bilirəm ki, həyatda iz qoyanlar rütbələri, titulları ilə deyil, qoyub getdikləri o isti xatirə, səmimi baxışlarla yadda qalırlar.

Amma geridə qoyduğum bu 45-ci ilin mənə bəxş etdiyi ən böyük mükafat, şübhəsiz ki, avqust ayında övladımdan gəldi: arzuladığı universitetin istədiyi fakültəsinə və ixtisasına qəbul olması bir ata kimi yaşaya biləcəyim ən uca qürur, ömrümün ən dəyərli hədiyyəsi oldu.

Bu illər ərzində ən böyük dayağım həm də dostlarım, yoldaşlarım olub. Tərtərdə əkdiyimiz ağacların gövdəsi yoğunlaşdıqca, Şuşanın, Laçının, Kəlbəcərin daşları arasında gəzəndə adam özünü daha bütöv hiss edir. Şəhid dostum Yunis kimi qardaşların xatirəsini yaşatmaq, onların işığını daşımaq artıq sadəcə bir vəzifə deyil, həyat yoludur.

Arxada qalan illərə baxıb deyirəm ki, yaxşı ki, varıq, yaxşı ki, bu torpağın, bu xalqın bir parçasıyıq. 45 yaş yorğunluq yaşı deyil, əksinə, yığılan təcrübəni, görülən işləri daha böyük şövqlə davam etdirmək vaxtıdır. Yol hələ bitməyib. Öndə görüləsi işlər, deyiləcək sözlər çoxdur. Sadəcə, yola davam etmək lazımdır: səmimi, dürüst və dik başla!

Və sözün əsl mənasında... bu yazının sonunda ekran qarşısında oturub düşünürəm: zəng edən, mesaj yazan, ürəyindən keçən xoş sözü əsirgəməyən hər kəsə – var olun! Yaxşı ki, varsınız, yaxşı ki, bu yolda çiyin-çiyinəyik.

Bir də... bəzən vaxtın çatmadığına, başının qarışdığına görə hələ təbrikini çatdıra bilməyənlərə, amma içində o xoş niyyəti daşıyan hər kəsə də ayrıca təşəkkür edirəm. Çünki əsas olan o ürək təmizliyidir, o səmimi istəkdir.

46-cı ilin ilk günlərindən hamınıza qucaq dolusu salamlar!






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu