Laçın şəhərinin taleyini müəyyən edən bəndin o Bəyanata salınmasına israr edirdim - İlham Əliyev
"Laçın şəhərinin azad olunması hesab edirəm ki, bir çox səbəblərə görə tarixi hadisədir. Birincisi, bizim tarixi diyarımızdır və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan ilk işğal edilmiş rayon idi. Faktiki olaraq Laçın rayonunun işğalından sonra Ermənistanla ovaxtkı Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı və bizim gələcək məğlubiyyətimizin məhz, təməli o vaxt qoyulmuşdur. Digər tərəfdən, biz bilirdik ki, Laçından Xankəndiyə gedən yol Laçın şəhərinin mərkəzindən keçir".
AFN.az xəbər verir ki, bu haqda Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində danışıb. O bildirib ki, noyabrın 9-da Rusiya Prezidenti ilə aparılan son söhbətlər əsnasında xüsusilə Laçın şəhərinin taleyini müəyyən edən bəndin o Bəyanata salınmasına israr edib: "Ermənistan tərəfi, əlbəttə ki, bunun əleyhinə idi. Amma Ermənistan tərəfi o vaxt elə durumda deyildi ki, nəyisə diktə etsin. Ona görə mənim təkidimlə o bənd oraya salındı ki, 3 il ərzində yeni yolun razılaşdırılması prosesi gedəcək və ondan sonra nə olacaq, orada göstərilmirdi. Biz isə bu marşrutu Rusiya tərəfi ilə, Rusiyanın Müdafiə Nazirliyi ilə razılaşdırdıq və onu il yarım ərzində reallaşdırdıq. Biz müharibə başa çatandan sonra dərhal Rusiya Müdafiə Nazirliyi ilə danışıqlara başladıq, mən xüsusi heyət göndərmişdim və bir neçə variant müzakirə olundu. Bəzi variantlar əlverişsiz idi və ən məqbul variant seçilmişdi. Biz dərhal işə başladıq. İşlər başa çatanda mən bəyan etdim ki, artıq yol hazırdır, buyurun gedin o tərəfə. Ancaq yenə də Ermənistanın qeyri-ciddi yanaşması ilə üzləşməli olduq. Çünki Ermənistan da öz ərazisində yolun bir hissəsini inşa etməli idi. Sadəcə olaraq, hesab edirdilər ki, bu, heç vaxt olmayacaq, Laçın onların əlində qalacaq və sülhməramlılar da demək olar ki, orada yerləşmişdilər. Çünki o biri şəhərlərdən fərqli olaraq, Laçında müəyyən dərəcədə salamat binalar qalmışdı. Amma mən bəyan etdim, dedim ki, biz ayın 2-də yolu tamamlamışıq, ayın 5-də əgər bizim sözümüz keçməsə, biz Laçın dəhlizinə giririk heç kimdən soruşmadan, heç nəyə baxmadan. Ondan sonra hay-haray başladı, zənglər və sifarişlər, xahişlər və sair".
İ.Əliyevin sözlərinə görə, o vaxt orada Qarabağ erməniləri arasında bəziləri xahiş edib ki, avqustun 25-nə qədər vaxt verilsin: "Biz söz veririk ki, evləri heç kim yandırmayacaq, söz veririk ki, oradan çıxacağıq, həm Laçından, həm Zabuxdan, həm Susdan. Dedim yaxşı, mən sizə inanıram, mənim də sözümə inanırlar. İndi əgər, necə deyərlər, öz sözlərinə naxələf çıxsalar, biz istənilən vaxt gəlib orada durmağa hazırıq. Belə də oldu, avqustun 25-də Laçın və iki kənd boşaldıldı. Avqustun 26-da biz Laçına girdik və o unudulmaz anları, unudulmaz hissləri bir daha yaşadım. Bu, doğurdan da həm çox emosional bir gün idi, həm də qürurverici bir gün idi. Yəni, natamam qalmış işləri biz gərək başa çatdıraq. Bizim əvəzimizə kim bunu edəcək? Biz etməliyik bunu. Natamam qalmış işlər hələ var, onları da biz tədricən yoluna qoyuruq".