"Qaçqınkom"da Qərbi Azərbaycan irsi ilə bağlı kitabın təqdimatı keçirilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Qərbi Azərbaycan irisi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.



AFN.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır.



O qeyd edib ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı beynəlxalq hüquqazidd əməllər törədən və cəzasız qalan Ermənistan 30 ildən çox torpaqlarımızın bir hissəsini işğal altında saxlamışdı. Prezidentin qətiyyətli siyasəti və Ordumuzun rəşadəti nəticəsində işğala son qoyulub, ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Hazırda Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq platformalarda müzakirə olunur və bu istiqamətdə işlər aparılır.



Daha sonra Komitə sədrinin müavini Fuad Hüseynov, Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev çıxış edərək kitabı yüksək qiymətləndiriblər.



Çıxışlarda Qərbi Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş zorakılıqlara, mədəni irsin məhvinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti məsələsinə toxunulub və soydaşlarımızın geri qayıtmaq hüququnun tanınacağına ümid ifadə olunub.



Kitab iki hissədən ibarətdir. Birinci hissədə hesabatın məqsədi və metodologiyası, ikinci hissədə isə Qərbi Azərbaycanın hər rayonunda yerləşən qəbiristanlıqlar barədə tarixi, inzibati, demoqrafik və toponimik məlumatlar təqdim olunub.



Tədbirdə Qərbi Azərbaycanla bağlı videoçarx da nümayiş olunub.



Xatırladaq ki, bu kitab seriyanın ilk nəşridir və 5 hesabatdan ibarət olacağı planlaşdırılır. Nəşr Azərbaycan, ingilis və rus dillərində hazırlanıb.


\





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu