ABŞ-da ICE binasını yandırmağa cəhd edən şəxsi 30 ilədək həbs gözləyir


ABŞ-ın Corciya ştatında 31 yaşlı kişi Atlantada Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) binasına yandırıcı qarışıq atmaqda şübhəli bilinərək saxlanılıb. Təqsiri sübuta yetirilərsə, onu ümumilikdə 30 ilədək həbs cəzası gözləyir.

AFN.az “Associated Press”ə istinadən xəbər verir ki, Şimali Corciya dairəsinin prokurorluğu İnik Hinton adlı şəxsə federal binanı yandırmağa cəhd və dövlət əmlakına zərər vurmaq ittihamları irəli sürüb.

Prokurorluğun məlumatına əsasən, müşahidə kameraları çərşənbə axşamı axşam saatlarında Hintonun naməlum əşyanı yandıraraq çoxmərtəbəli kərpic binaya tərəf atdığını qeydə alıb. Şüşə butulka binanın hasarına dəyib və bundan sonra yanğın başlayıb. Hadisə yerində yanmış parça, yanıcı maye, şüşə butulka və alışqan aşkarlanıb.

Hinton Atlantanın ətraf qəsəbələrindən birindəki evdə saxlanılıb. Federal prokuror Teodor Hersberqin sözlərinə görə, həbs əməliyyatı insidentsiz başa çatıb. O, şübhəlinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının işini yüksək qiymətləndirib və bu cür əməllərə görə ağır cəza tələb edəcəklərini bildirib.

“Bu davranışın yolverilməz olduğunu göstərmək üçün mümkün olan ən ağır cəzanı tələb edəcəyik”, – deyə prokuror vurğulayıb.

İttihamlardan birincisi üzrə Hintonu 20 ilədək, dövlət əmlakına zərər vurmaq ittihamı üzrə isə 10 ilədək həbs cəzası gözləyir. Prokurorun sözlərinə görə, şübhəlinin əvvəllər məhkum olunması barədə məlumatı yoxdur.

Binada ICE-nin ofisləri və miqrasiya məhkəməsi yerləşir. Məlumat yayılan vaxt Hintonun vəkilinin kimliyi açıqlanmayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu