ABŞ-da ICE təlimləri qalmaqalı: Silahdan təhlükəsiz istifadə dərsləri ləğv edilib?



ABŞ-da Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) keçmiş təlimatçısı Rayan Şvank Corciya ştatında yeni işə götürülən əməkdaşlar üçün təlim müddətinin qısaldıldığını iddia edib.

AFN.az-ın məlumatına görə, keçmiş təlimatçı silahdan təhlükəsiz istifadə kimi mühüm dərslərin proqramdan çıxarıldığını bildirərək vəzifəsindən istefa verib.

"Washington Post"un xəbərinə əsasən, Şvank ICE-ın 580 saatlıq təlim proqramından 240 saatlıq vacib dərsləri ləğv etdiyini bildirib. İxtisar edilən dərslər arasında güc tətbiqinin hüquqi hüdudları, silahdan təhlükəsiz istifadə və miqrantların qaydalara uyğun saxlanılması kimi mövzular yer alıb. Şvankın iddiasına görə, Corciyanın Qlinko bölgəsindəki mərkəzdə təlim müddəti 72 gündən 42 günə endirilib.

Konqres üzvü Ceyms Volkinşou Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) bu dərsləri proqramdan çıxarmaqla xalqın təhlükəsizliyini riskə atdığını bəyan edib. Nazirlik isə ittihamları rədd edərək təlim saatlarının azaldılmadığını, əməkdaşların ümumilikdə 84 günlük təlim keçdiklərini müdafiə edib.

Xatırladaq ki, yanvar ayında Minnesota ştatında iki ABŞ vətəndaşının güllələnərək öldürülməsindən sonra ICE-ın miqrantlara qarşı sərt rəftarı və fəaliyyəti ilə bağlı cəmiyyətdə narazılıqlar kəskin artıb. Keçmiş təlimatçı qurumun həm Konqresə, həm də ABŞ xalqına yalan məlumat verdiyini irəli sürür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu