Moskvada PUA təhlükəsi səbəbindən dörd hava limanında uçuşlar dayandırılıb
Rusiyanın paytaxtı Moskvaya yönələn pilotsuz uçuş aparatları (PUA) təhlükəsi səbəbindən Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin eniş və qalxışları müvəqqəti dayandırılıb, Şeremetyevo hava limanındakı sərnişinlər isə təhlükəsiz ərazilərə təxliyə edilib.
AFN.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi və Şeremetyevo hava limanının rəhbərliyi məlumat yayıb.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) açıqlamasında uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Moskvadakı dörd hava limanında təyyarələrin eniş və qalxışlarına müvəqqəti məhdudiyyət qoyulduğu bildirilib.
Şeremetyevo hava limanının açıqlamasında hava hücumu həyəcanı elan edildiyi qeyd olunub. Sərnişinlərin ən yaxın təhlükəsiz ərazilərə və sığınacaqlara yönləndirildiyi bildirilib.
Açıqlamada hava limanı terminallarının nəzarət olunan zonalarına girişin də müvəqqəti məhdudlaşdırıldığı vurğulanıb. Sərnişinlərdən pəncərələrdən uzaq durmaq və hava limanı əməkdaşlarının göstərişlərinə əməl etmək xahiş olunub.
Moskva meri Sergey Sobyanin isə Rusiya hava hücumundan müdafiə sistemlərinin şəhərə yaxınlaşan PUA-ları zərərsizləşdirməyə davam etdiyini bildirib.
Sobyaninin açıqlamasına görə, Moskva vaxtı ilə saat 15:22-yə olan məlumata əsasən, şəhərə doğru irəliləyən 17 PUA vurulub. PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə hallar xidmətlərinin iş apardığı qeyd edilib.



