Moskvaya dron hücumu olub


Rusiyanın paytaxtı Moskva və onun ətrafındakı yaşayış məntəqələrinə pilotsuz uçuş aparatlarından (PUA) hücumlar həyata keçirilib.


Moskva meri Sergey Sobyanin sosial media hesabından verdiyi açıqlamada səhər saatlarında pilotsuz təyyarələrin hücumu nəticəsində bəzi binaların cüzi ziyan gördüyünü bildirib.

Şəhərin fövqəladə hallar xidmətinin əməkdaşlarının hadisə yerində olduğunu qeyd edən Sobyanin vəziyyətin müəyyənləşdiyi barədə məlumat paylaşıb. "Hələlik heç kim ciddi xəsarət almayıb. Xahiş edirəm, yalnız rəsmi mənbələrə etibar edin və yoxlanılmamış məlumat yaymayın", - Sobyanin bildirib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyev də sosial media hesabında bəzi bölgələrdə eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinə aid olduğunu bildirib.

"Moskvaya yaxınlaşarkən bir neçə PUA vurulub. Camaatdan sakit olmağı xahiş edirəm. Bütün təcili yardım xidmətləri işləyir. Sizə məlumat verəcəyik".

Rusiya xəbər agentlikləri pilotsuz uçuş aparatlarının Moskvanın iki fərqli küçəsindəki yaşayış yerlərini vurduğunu bildirib. Pilotsuz təyyarələrin vurduğu binaların fasadlarının zədələndiyinə dair məlumatların yer aldığı xəbərdə ölən və yaralananların olmadığı bildirilib.

Pilotsuz təyyarələrin haradan gəldiyi ilə bağlı heç bir açıqlama verilməyib.

Bəzi sosial media mənbələrində şəhərə 25 PUA hücumu edildiyi və əksəriyyətinin hava hücumundan müdafiə sistemləri ilə vurulduğu, bəzi PUA-ların isə silahlı olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu