Keçmiş prezidentliyə namizəd 1,1 milyon avroluq dələduzluqda ittiham olunur


Rumıniya Apellyasiya Məhkəməsi keçmiş prezidentliyə namizəd Kelin Corceskunun həbs müddətini daha 30 gün uzadıb.

AFN.az "Agerpres" agentliyinə istinadən xəbər verir ki, məhkəmə Dələduzluq və Terrorizmlə Mübarizə İdarəsinin (DIICOT) şikayətini təmin edərək Corceskunun oktyabrın 29-dan noyabrın 27-dək, hər iki tarix daxil olmaqla, həbsdə saxlanılmasına qərar verib.

Qapalı keçirilən məhkəmə iclası zamanı Corceskunun bir neçə yüz tərəfdarı binanın qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib. Əvvəlki instansiya siyasətçinin həbsini məhkəmə nəzarəti tədbiri ilə əvəz etmişdi. Lakin DIICOT həmin qərardan şikayət verib.

Prokurorların məlumatına görə, Corcesku və iki əlbir olduğu şəxs 2021-ci ildə Buzau şəhərindən olan sahibkar Razvan Leunu bankdan 6 milyon avro kredit almaq üçün təminat vermək adı ilə 1,1 milyon avro ödəməyə razı salıblar. Kredit verilmədikdən sonra sahibkar pulunu geri tələb etsə də, vəsait ona qaytarılmayıb.

İş 2024-cü ilin yanvarında Leunun şikayətindən sonra başlanıb. Sahibkar şikayətində Corceskunun da daxil olduğu qrupun onu aldadaraq 1,1 milyon avro aldığını iddia edib.

Millətçi namizəd Corcesku 2024-cü il noyabrın 24-də Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda qalib gəlib. Lakin Konstitusiya Məhkəməsi seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi, seçki prosesində istifadə olunan rəqəmsal infrastruktura haker hücumları və sübuta yetirilməmiş Rusiya müdaxiləsi iddialarını əsas gətirərək bütün seçki prosesini ləğv edib.

Bundan sonra siyasətçiyə qarşı bir neçə ittiham irəli sürülüb və o, məhkəmə nəzarətinə götürülüb. Corcesku 2026-cı ilin aprelində məhkəmə nəzarətindən azad edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu