ABŞ-da sağ olduğu halda morqa aparılan körpə əlil qalıb
ABŞ-ın Arizona ştatında hovuzda boğulma təhlükəsi yaşayan 18 aylıq Vinsent xəstəxana həkiminin səhlənkarlığı nəticəsində ürəyi döyündüyü halda ölü elan edilərək morqa aparılıb.
AFN.az xəbər verir ki, morqda dörd saat ərzində nəfəs almağa davam etdiyi aşkarlanan körpənin sağlamlığı gecikmiş tibbi müdaxilə səbəbindən daimi zərər görüb.
Hadisə fevralın 8-də ailəsinin evindəki hovuzda huşunu itirən azyaşlının xəstəxanaya aparılması ilə başlayıb.
Mercy Gilbert Medical Center-də çalışan həkim Arian Tusi tibb bacısının uşağın nəbzinin olduğunu bildirməsinə baxmayaraq, vəziyyəti araşdırmaqdan imtina edib. Həkim qan qazı göstəricilərini əsas gətirərək uşağın həyat əlamətlərini nəzərə almayıb və rəsmi olaraq onun öldüyünü elan edib.
Polis əməkdaşı körpənin nəfəs aldığını eşitdiyini bildirərək xəbərdarlıq etsə də, uşaq axşam saatlarında xəstəxananın morquna aparılıb.
Təxminən dörd saat sonra morqda yoxlama aparan məhkəmə-tibbi ekspert körpənin nəfəs aldığını və sağ olduğunu aşkar edib. Daha sonra Feniks şəhərindəki xəstəxanaya köçürülən uşaq müalicəyə alınıb.
Lakin körpənin morqda oksigensiz və tibbi müdaxiləsiz keçirdiyi dörd saat onun həyatına ağır təsir göstərib. Hadisədən səkkiz ay sonra iki yaşı tamam olan Vinsent yeriyə, danışa və müstəqil otura bilmir. O, qidalanmasını yalnız xüsusi boru vasitəsilə təmin edə bilir.
Ailə baş verən ciddi səhlənkarlığa görə xəstəxanaya və məsul əməkdaşlara qarşı hüquqi proses başladıb.
