"Aztelekom" əl çəkmədi, Antiinhisar şərtlərlə razılıq verdi


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə "Aztelekom" arasında pərdəarxası “vuruşma”nın olması ehtimalına diqqət çəkib.

AFN.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. "Ötən günlərdə qeyd etmişdim ki, Antiinhisar "Aztelekom"un 25 manatlıq minimal tarifi qaldırmaqla bağlı müraciətini rədd edib" - deyən O.Gündüzün sözlərinə görə, məlum olur ki, “Aztelekom” adi internet istifadəçilərinə deyil, operator və provayderlərə təqdim olunan xidmətin tarifləri ilə bağlı da Antiinhisara müraciət edib: "Əlbəttə, bu tariflərin artırılması dolayı yolla istifadəçilərə də təsir göstərə bilər. Çünki provayderlərin xərcləri artarsa, bu artım sonradan vətəndaşlara təklif olunan qiymətlərə də təsir edəcək. Bəs “Aztelekom” bu dəfə Antiinhisara hansı müraciəti edib?

Məlum olduğu kimi, AZCON-un tərkibində olan, dövlətə məxsus nəhəng təbii inhisarçı "Aztelekom" bir neçə istiqamətdə - həm magistral operator, həm daxili telekommunikasiya şəbəkəsinin sahibi, həm də adi pərakəndə provayder kimi fəaliyyət göstərir. Yəni bu nəhəng dövlət operatoru həm də internet satır.

Digər provayderlər internet xidmətləri göstərmək və kontenti müştərilərinə çatdırmaq üçün müxtəlif operatorların, o cümlədən "Aztelekom"un şəbəkələrindən istifadə edirlər.

Xatırladıram ki, "YouTube" və "Facebook" kimi qlobal platformaların bəzi kontentləri ölkə daxilində yerləşən keş serverlərdə saxlanılır və istifadəçilərə həmin serverlərdən çatdırıla bilir. Digər backbone operatorlarının da ölkə daxilində öz şəbəkələri və kontentin çatdırılması imkanları var. "Aztelekom" isə məhz bu trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflər tətbiq etmək üçün Antiinhisara müraciət edib. Agentlik araşdırmanın nəticəsində yeni tariflərin tətbiqinə bir sıra şərtlərlə razılıq verib".

Antiinhisarın şərtləri nədir?

O.Gündüzün sözlərinə görə, agentlik tələb edib ki, "Aztelekom" inhisarçı olduğundan xidməti eyni vəziyyətdə olan operator və provayderlərə bərabər şərtlərlə təqdim etsin və ayrı-seçkiliyə yol verməsin: "Başqa sözlə, "Aztelekom"un şəbəkəsindən istifadə edən provayderlərin başqa operatorların və provayderlərin, məsələn, "DeltaTelecom" və "AzerTelecom"un bağlantı nöqtələrindən, kontentin çatdırılması şəbəkələrindən və digər şirkətlərin xidmətlərindən istifadə imkanları məhdudlaşdırılmamalıdır. Həmçinin xidmətin tarifləri, qoşulma və müraciətdən imtina şərtləri, standart müqavilə və şikayət proseduru “Aztelekom”un saytında açıq dərc edilməlidir. Düşünürəm ki, bu şərtlər məntiqlidir və bazarda rəqabətin qorunması baxımından çox vacibdir. Antiinhisarın qərarı təqdirəlayiqdir.

Bununla belə, açıqlamada yeni tariflərin məbləği, onların konkret hansı xidmətə və trafikə tətbiq olunacağı, ödənişin kimdən alınacağı göstərilmir. Bu məsələlərə də aydınlıq gətirilməsi faydalı olardı".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu