BMT xəbərdarlıq edir: El-Nino 2026-cı ilin sonunda pik həddə çatacaq



El-Nino iqlim fenomeninin 2026-cı ilin sonunda pik həddə çatacağı, təsirlərinin isə bundan sonra da uzun müddət davam edəcəyi gözlənilir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin strukturuna daxil olan Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) baş katibi Seleste Saulo bildirib.

ÜMT-nin proqnozuna görə, El-Nino fenomeninin mərkəzi hesab edilən Sakit okeanın tropik hissəsində suyun səth temperaturu 2026-cı ilin noyabrından 2027-ci ilin yanvarınadək orta göstəricidən 3,8 dərəcə yüksək ola bilər.

“Bu, son dörd onillikdə qeydə aldığımız göstəriciləri sözün əsl mənasında üstələyir. El-Nino 2026-cı ilin sonunda pik həddə çatacaq, lakin onun təsirləri bundan sonra da uzun müddət hiss olunacaq”, – deyə Saulo vurğulayıb.

ÜMT xatırladıb ki, güclü El-Ninyo dünyanın bir çox bölgəsində temperatur rejimini və yağıntıların xarakterini dəyişir. Bu fenomen bəzi ərazilərdə şiddətli quraqlığa, digərlərində isə leysan yağışlarına, daşqınlara və geniş ərazilərdə anomal istilərə səbəb ola bilər. Təşkilatın məlumatına görə, bir sıra bölgələrdə artıq ekstremal hava hadisələri qeydə alınıb. El-Ninonun güclənməsi ilə belə hadisələrin sayının və miqyasının artacağı gözlənilir.

Şərqi Afrikanın bəzi ərazilərində normadan çox yağıntı düşəcəyi proqnozlaşdırılır ki, bu da daşqın riskini artırır. Cənubi Afrikada isə quraqlıq ehtimalı yüksəlib və bu vəziyyət kənd təsərrüfatı məhsuldarlığına mənfi təsir göstərə bilər.

Cənub-Şərqi Asiyada havanın daha isti və yağıntıların az olması insanlara istiliyin təsirindən yaranan riskləri artırır, eyni zamanda kənd təsərrüfatı və su təchizatı sistemlərinə əlavə yük yaradır.

ABŞ-ın şimal-qərbində və Cənubi Amerikanın qərbindəki bəzi ərazilərdə yağıntıların artacağı gözlənilir. Şimali Karib hövzəsində də yağıntıların normadan çox olacağı ehtimal edilir. Mərkəzi Amerikanın bəzi hissələrində, Karib hövzəsinin cənubunda və Amazon çayı hövzəsində isə quraqlıq riski yüksək olaraq qalır.

Yer kürəsinin iqlimi və hava şəraiti əsasən El-Nino və La-Ninya adlanan iki iqlim fenomeninin təsirinə məruz qalır. İspan dilindən tərcümədə “oğlan” və “qız” mənasını verən bu hadisələr Sakit okeanın mərkəzi və şərq hissələrində suyun üst qatının müvafiq olaraq isinməsi və soyuması ilə əlaqədardır. Okean temperaturundakı bu dəyişikliklər qlobal iqlim sisteminin digər elementlərinə də təsir göstərir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu