Asiya "El-Nino"ya hazırlaşır: Proqnozlaşdırıla bilməyən və riskli olacaq
Birləşmiş Millətlər Təşkilatı yaxınlaşmaqda olan "El-Nino" hava hadisəsinin özü ilə gətirəcəyi qlobal temperatur artımları və ekstremal hava şəraitinə qarşı dünyanın hazırlıqlı olması barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı güclü bir təbii hava dalğası olan "El-Nino"nun sentyabr ayından əvvəl formalaşma ehtimalının 80 faiz, noyabr ayından əvvəl isə 90 faiz olduğunu bəyan edib.
Ekspertlər "El-Nino"nun insan amilli iqlim dəyişikliyinin təsirləri ilə eyni dövrə təsadüf etməsinin bu təbiət hadisəsinin törədəcəyi dağıntıları daha da artıra biləcəyinə diqqət çəkirlər.
Artan temperaturlar və quraqlığın kənd təsərrüfatı, elektrik şəbəkələri, eləcə də su resursları üzərində böyük təzyiq yaradacağı Asiya bu prosesdən ən çox təsirlənəcək bölgələrin başında gəlir.
Hindistanda əsas narahatlıq "El-Nino"nun mövcud temperaturları daha da artırması və musson yağışlarını zəiflətməsi ehtimalı üzərində cəmləşib.
Musson yağışlarının azalması və istilik dalğalarının uzanması milyonlarla insan üçün ciddi risk yaradır.
Yağıntıların azlığı əkin mövsümündə musson yağışlarından asılı olan fermerlər üçün də böyük fəsadlar deməkdir.
May ayındakı istilik dalğası buğda və xardal məhsullarına ziyan vurduğu halda, indi də "El-Nino"nun quraqlığı dərinləşdirməsindən və ərzaq təhlükəsizliyini təhdid etməsindən qorxulur.
Quraqlıq şəhərləri də təhdid edir. 22 milyondan çox əhalisi olan maliyyə və kino mərkəzi Mumbay su ehtiyacını tamamilə yağış suları ilə dolan yeddi göldən qarşılayır.
Bu göllərdə cəmi 45 günlük su ehtiyatının qalması şəhərdə ciddi su böhranı riskini artırır.
Çində "El-Nino"nun bu il daha böyük problemlərə yol açacağı gözlənilir.
Milli İqlim Mərkəzi təsirlərin payız və qış aylarında pik həddə çatacağını, ölkənin cənubunda yağıntıların artacağını, ümumilikdə isə temperaturların yüksələcəyini açıqlayıb.
Bəzi bölgələrdə yağıntıların normadan 20 faiz çox olacağı proqnozlaşdırılır.
Çinin şimal-qərbindəki Tsinxay əyalətinin meteorologiya bürosu əhaliyə təcili hazırlıq tədbirləri görməyi tövsiyə edib.
Su Resursları Nazirliyi də daşqın riskinin ciddi və mürəkkəb olduğunu bildirib.
Cənub və şərq bölgələrində güclü yağışların və daşqınların gözlənildiyi qeyd olunur.
Cənub-Şərqi Asiyada güclü "El-Nino"nun uzunmüddətli istilər, quraqlıq, meşə yanğınları və hava çirklənməsi riskini artırdığı bildirilir.
Malayziya, Sinqapur, İndoneziya, Tailand və Filippin kimi ölkələrdə kənd təsərrüfatı və su ehtiyatları ciddi təzyiq altına düşə bilər.
Quraqlıq xüsusilə düyü və palma yağı istehsalını təhdid edir və ərzaq qiymətlərində artım riskini gücləndirir.
Su mənbələrinin azalması ilə kənd yerlərində təhlükəsiz içməli su problemi yarana bilər və bu da su ilə yayılan xəstəliklərin artmasına səbəb ola bilər.
Quraqlıq həmçinin yanğın riskini artıraraq regionda tüstü və hava çirklənməsi problemlərini daha da kəskinləşdirə bilər.

