Bakı-Balakən qatarının fəaliyyəti gələn aydan bərpa olunacaq - ADY
Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkəti gələn ay bərpa olunacaq.
Bu barədə AFN.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
"İyul ayında Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunmuş qeyri-sabit hava şəraiti, bəzi sahələrdə sel sularının yol yatağını tamamilə yuması nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Sərnişinlərin təhlükəsizliyinin, qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi və dəmiryol infrastrukturunun tam bərpası üçün həmin ərazidə təmir işləri davam etdirilir.
Nəzərə almaq lazımdır ki, bəzi sahələrdə yol yatağının tamamilə yuyulması səbəbindən həmin sahələrdə dəmir yolu infrastrukturu sıfırdan qurulur, eyni zamanda, gələcəkdə yenə də çayın məcrasını dəyişməsi və yol yatağını yuması riskinin qarşısını alımaq məqsədilə suötürücülər quraşdırılıb.
Qeyd edilən istiqamətdə təmir işləri, eləcə də hazırlıq işləri tam başa çatdıqdan sonra noyabr ayında Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunacaq. İctimaiyyətə ətraflı məlumat veriləcək" - deyə B.Hacıyev qeyd edib.
Qeyd edək ki, ekspert Osman Gündüz bu gün məsələ ilə bağlı açıqlama ilə çıxış edib. O bildirib ki, şimal-qərb bölgəsində Bakı–Balakən qatarının ləğv ediləcəyi, vaqonlarının isə Bakı–Tbilisi marşrutuna veriləcəyi barədə söhbətlər dolaşır. O.Gündüzün sözlərinə görə, bu söhbətlərin yaranmasına səbəb dəmiryolunun Qax–Balakən hissəsində bir neçə ay öncə başlayan təmir işlərinin həddindən çox uzanmasıdır: "Xatırladıram ki, iyul ayının əvvəlində baş verən seldən sonra bəzi ərazilərdə dəmiryol infrastrukturuna ziyan dəymişdi. O zaman Qax–Balakən hissəsində hərəkət məhdudlaşdırılmışdı. Sonradan isə 1 avqust 2026-cı il tarixindən Bakı–Balakən reysləri tam dayandırılıb.
