Yəməndə husilərə qarşı 753 hücum həyata keçirilib



Yəmənin cənub-qərbində yerləşən Təiz və Ləhic vilayətlərində hökumət qüvvələri ilə husilər arasında toqquşmalar davam edir. 

AFN.az xəbər verir ki, Yəmən ordusunun sözçüsü Macid ən-Nüzeyli hökumət qüvvələrinin son 24 saat ərzində husilərin hərbi imkanlarına qarşı 753 dəqiq və birbaşa hücum həyata keçirdiyini bildirib.

Nüzeylinin sosial media platformasında yaydığı açıqlamaya görə, hücumlar zamanı husilərin qabaqcıl komanda-idarəetmə mərkəzləri, idarəetmə bölmələri, istehkamları, atəş mövqeləri, toplanış məntəqələri, əlavə qüvvələri, eləcə də nəqliyyat və təchizat vasitələri hədəfə alınıb.

Ordunun sözçüsü hücumlar nəticəsində 218 husinin zərərsizləşdirildiyini, 78 hərbi nəqliyyat vasitəsi, avadanlıq və silahın məhv edildiyini və ya istifadəyə yararsız hala salındığını qeyd edib.

Yəmən ordusunun Təiz Hərbi Komandanlığının açıqlamasında hökumət qüvvələri və xalq müqaviməti dəstələrinin Təiz şəhərinin cənubundakı Misrah rayonunun Akrud cəbhəsində husilərin hücumunu dəf etdiyi bildirilib.

Açıqlamada hücumda iştirak edən husilər arasında ölən və yaralananların olduğu qeyd edilib.

Yəmənin əhalisi ən çox olan Təiz vilayətində nəzarət müxtəlif qüvvələr arasında bölünüb. Hökumət qüvvələri Təiz şəhərini və bəzi əraziləri nəzarətdə saxlayır, husilər isə son həftələrdə kənd və sahilyanı ərazilərdə bir sıra məntəqələri ələ keçiriblər.

Yəmənin cənub-qərbində yerləşən Ləhic vilayətində hökumət qüvvələri Bab əl-Məndəb boğazına baxan Mudaribə cəbhəsində husilərə məxsus iki hərbi nəqliyyat vasitəsini məhv etdiklərini açıqlayıblar.

Hökumət qüvvələri Ləhic vilayətinin böyük hissəsinə nəzarət edir. Husilər isə Təizlə sərhəddə yerləşən Mudaribə rayonunun bəzi ərazilərində və Qubeyta rayonunun bir hissəsində mövqelərini qoruyurlar.

Yəmənin SABA xəbər agentliyinin məlumatına görə, ölkənin informasiya naziri Müəmmər əl-İryani cənubdakı Şəbvə vilayətində husilərlə əlaqəli 13 nəfərlik qrupun, həmçinin husilərə göndərilməsi nəzərdə tutulan silah və partlayıcılarla yüklənmiş yük maşınının ələ keçirildiyini bildirib.

Əl-İryaninin sözlərinə görə, ələ keçirilənlər arasında təxminən 500 avtomat silah, snayper tüfəngləri, 120 və 106 millimetrlik sursatlar, yüksək dağıdıcı gücə malik partlayıcı qurğular, pilotsuz uçuş aparatlarında (PUA) istifadə üçün nəzərdə tutulmuş sursatlar, bombalar və PUA hissələri olub.

Yəmənli nazir əməliyyatın müvafiq təhlükəsizlik qurumlarının apardığı kəşfiyyat məlumatlarının toplanması, araşdırma, izləmə və koordinasiya işləri nəticəsində həyata keçirildiyini bildirib.

Avropa İttifaqının (Aİ) Yəməndəki nümayəndəliyinin açıqlamasına görə, Avropa Komissiyası 2026-cı il üçün daha əvvəl ayrılmış 87,5 milyon avroya əlavə olaraq ölkəyə 22,5 milyon avro humanitar yardım ayırıb.

Açıqlamada yeni yardımın döyüşlərin yenidən şiddətlənməsinin nəticələrini yüngülləşdirmək və milyonlarla insanın təcili humanitar ehtiyaclarını qarşılamaq məqsədi daşıdığı bildirilib.

Aİ nümayəndəliyi hərbi gərginliyin genişmiqyaslı köçkünlüyə, mülki itkilərin artmasına, əsas xidmətlərə və humanitar yardıma çıxışla bağlı çətinliklərin dərinləşməsinə səbəb olduğunu qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu