Flavio Bolsonaro seçki nəticələrini tanımadığını açıqladı
Braziliyada prezident seçkilərinin ikinci turunda qeyri-rəsmi nəticələrə əsasən Luis İnasio Lula da Silvaya uduzan sağçı namizəd Flavio Bolsonaro nəticələri tanımadığını və seçkinin ləğvi üçün məhkəməyə müraciət edəcəyini bildirib.
AFN.az xəbər verir ki, Bolsonaro buna səbəb kimi Federal Ali Məhkəmənin (STF) hakimi Kristianu Zaninin səsvermə müddətini iki saat uzatmaq qərarını göstərib.
Seçkinin nəticələrini tanımayacağını vurğulayan Bolsonaro bildirib ki, həmin gün baş verənlər normal vəziyyət olmayıb və qəbuledilməzdir. O, tarixdə ilk dəfə səsvermə qaydalarının bir qərarla dəyişdirildiyini, Braziliyanın müxtəlif ştatlarında yaşayan vətəndaşlar arasında bərabərlik prinsipinin tamamilə pozulduğunu iddia edib.
Bolsonaro səsvermə məntəqələrinin yenidən açılmadığı ştatlarda nə qədər səs toplaya biləcəyini heç vaxt bilməyəcəyini deyərək, seçkiləri bu şəkildə tanımağın mümkünsüz olduğunu və nəticələrin ləğvini tələb edəcəyini bildirib.
Milli mətbuatda yayılan xəbərlərə görə, Bolsonaro tərəfinin etiraz və şikayətlərinə baxmayaraq, səsvermə müddətinin uzadılması ilə bağlı müraciətin əslində onun seçki kampaniyası komandası tərəfindən Ali Seçki Məhkəməsinə (TSE) təqdim edildiyi üzə çıxıb.
Bolsonaronun komandası Minas-Jerays, Rio-Qrandi-du-Sul, Parana, San-Paulu və Santa-Katarina ştatlarının bəzi bələdiyyələrində səsvermə saatlarının uzadılması üçün TSE-yə rəsmi müraciət etmişdi.
Braziliyada səsvermənin rəsmi olaraq başa çatdığı saat 17:00-a yaxın verilən son dəqiqə qərarı seçki məntəqələrində qarışıqlığa səbəb olmuşdu.
Müddətin uzadıldığı elan edilən zaman ölkə üzrə seçki məntəqələrinin əksəriyyəti artıq bağlanmışdı. Etirazlardan sonra məhkəmə rəsmiləri uzadılma qərarının yalnız hələ bağlanmamış seçki mərkəzlərinə şamil olunduğunu bildirmişdilər.
TSE hakimi Kristianu Zanin Prezident Lula da Silvanın seçki komandasının ictimai nəqliyyata qoyulan məhdudiyyətlər və nəqliyyat problemləri səbəbindən səsvermə müddətinin iki saat uzadılması ilə bağlı müraciətini qəbul etmişdi.
Seçki qutularının 99,89 faizinin açıldığı məlumatlara görə, Lula da Silva etibarlı səslərin 51,77 faizini toplayaraq qələbə elan edib. Keçmiş prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonaro isə 48,23 faiz səs alıb.
