Braziliyada prezident seçkisi ikinci tura qaldı



Braziliyada prezident seçkisində heç bir namizəd səslərin 50 faizindən çoxunu toplaya bilmədiyi üçün seçki ikinci tura qalıb.

AFN.az xəbər verir ki, səslərin 99,8 faizinin hesablandığı ilk turda keçmiş prezident Jair Bolsonaronun oğlu, sağçı namizəd Flavio Bolsonaro 47 faiz səs toplayıb, prezident Luiz İnasio Lula da Silva isə 45,1 faiz səsdə qalıb. Rəsmi nəticələrdə də Flavio Bolsonaro 47,03 faiz, Lula da Silva isə 45,16 faiz səs alıb.

Təxminən 159 milyon seçicinin qeydiyyatda olduğu seçkidə Flavio Bolsonaro 56,1 milyon, Lula da Silva isə 53,8 milyon səs toplayıb.

Braziliya qanunlarına əsasən, prezident seçkisində ilk turda qalib gəlmək üçün etibarlı səslərin 50 faizindən çoxunu toplamaq lazımdır. Bu göstəriciyə çatılmadıqda ən çox səs toplayan iki namizəd ikinci turda mübarizə aparır.

Heç bir namizədin seçilmək üçün tələb olunan 50 faiz həddini keçə bilməməsi səbəbindən oktyabrın 25-də keçiriləcək ikinci turda Flavio Bolsonaro və 7-ci dəfə namizəd olan Lula da Silva prezident postu uğrunda yarışacaq.

İkinci tura 45 yaşlı Flavio Bolsonaronun favorit kimi daxil olması gözlənilir, digər sağçı namizədlərin topladığı səslərin ikinci turda Bolsonaroya yönələcəyi ehtimal edilir.

Braziliyada prezident seçkisi ilə yanaşı, 26 ştat və Federal Dairədə qubernator və vitse-qubernatorlar, Nümayəndələr Palatasının 513 üzvü, Senatın 81 yerindən 54-ü və ştat parlamentlərinin üzvləri üçün də səs verilib.

Keçmiş prezident Jair Bolsonaronun oğulları Karlos Bolsonaro və Jair Renan Bolsonaro, həmçinin həyat yoldaşı Mişel Bolsonaro da seçkilərdə mühüm vəzifələr əldə edib. Karlos və Mişel Bolsonaro Senata seçilib, Jair Renan Bolsonaro isə Nümayəndələr Palatasına daxil olub.

80 yaşlı prezident Lula da Silva açıqlamasında seçkinin nəticəsinin onun üçün gözlənilməz olduğunu və ilk turda qalib gələ biləcəyini düşündüyünü bildirib.

İkinci turdan əvvəl yeni kampaniyaya başlayacaqlarını deyən Lula ikinci turda özünü yaxşı hiss etdiyini və ən yaxşı plana kimin sahib olduğunun görüləcəyini bildirib.

45 yaşlı Flavio Bolsonaro isə seçkinin nəticələrinin Braziliya xalqının dəyişiklik istədiyini göstərdiyini, nəticələrin Lulanın partiyası üçün dövrün başa çatdığına işarə etdiyini deyib.

Lulanın ikinci tur kampaniyasında sosial siyasətləri ilə yanaşı, Bolsonaronun üzləşdiyi hüquqi problemlərə diqqət çəkməsi gözlənilir. Bolsonaronun ikinci tur kampaniyasında isə həyatın bahalaşması, cinayətkarlıqla mübarizə və ABŞ-la münasibətlər ön plana çıxır.

Seçkinin nəticəsi Braziliyanın xarici siyasət istiqaməti baxımından da əhəmiyyət daşıyır.

Flavio Bolsonaronun qalib gələcəyi təqdirdə Braziliyanın ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə münasibətlərini yaxınlaşdırması gözlənilir. Lulanın yenidən seçilməsi halında isə ölkənin Vaşinqtonla məsafəli siyasətini davam etdirəcəyi və Çinlə münasibətlərini inkişaf etdirməyə davam edəcəyi proqnozlaşdırılır.

Tramp isə sosial mediada etdiyi açıqlamada Braziliyadakı seçki nəticələri üzərindən ABŞ-dakı seçki sistemini tənqid edib.

Prezident Tramp Braziliyada nəticələrin eyni gün açıqlanmasına diqqət çəkərək ABŞ-da seçkilərin isə daha az səslə nəticələnməsinə baxmayaraq həftələrlə davam etdiyini və ölkədə səsvermənin korrupsiyaya uğradığını iddia edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu