Uçan avtomobillər nə vaxt əlçatan olacaq?
İnsanlar uçuşun və avtomobillərin yarandığı ilk dövrlərdən bəri uçan avtomobillərin xəyalını qururlar.
AFN.az xəbər verir ki, Tesla-nın bu ayın əvvəlində yeni Roadster modelinin uçan versiyasını nümayiş etdirməsi bu arzuya yaxınlaşdığımız anlamına gəlirmi?
Əgər həm yollarda və magistrallarda təhlükəsiz hərəkət edə, həm də uzun məsafələrə uça bilən avtomobil axtarırsınızsa, cavab xeyrdir.
Ancaq nisbətən aşağı hündürlüklərdə hərəkət edən və əksər avtomobil səfərlərinin məsafəsini qət edə bilən şəxsi uçan aparat istəyirsinizsə, bu, reallığa daha yaxındır.
Qısaca eVTOL adlandırılan elektriklə işləyən şaquli qalxma və enmə qabiliyyətli hava aparatlarının sürətlə böyüyən dünyası diqqət çəkir.
Bu aparatlarla magistrallarda hərəkət etmək mümkün deyil, hətta bəzilərinin təkərləri də yoxdur. Bununla belə, bir çox şirkət elmi fantastika filmlərindən çıxmış kimi görünən nəqliyyat vasitələri hazırlamaq uğrunda yarışır və onlardan bir neçəsi artıq hava aparatları satır.
eVTOL istehsalçılarından biri olan Pivotal şirkətinin uçuş üzrə vitse-prezidenti Kristina Menton bildirib ki, uçan avtomobil ideyası nəsillər boyu insanların təxəyyülünü cəlb edib. Onun sözlərinə görə, bu gün həmin maraq bütün sənaye üzrə real investisiyalara və innovasiyalara təkan verir.
Menton bu ideyanın cəlbediciliyini anlamağın asan olduğunu deyərək, tıxacda 90 dəqiqə keçirmək əvəzinə göydə 20 dəqiqə vaxt sərf etməyin mümkünlüyünü vurğulayıb.
eVTOL-lər ənənəvi avtomobillərlə müqayisədə çox yüngüldür, daşıma qabiliyyətləri məhduddur və adətən bir dəfəyə ən çoxu 160 kilometr məsafə qət edə bilirlər. Bundan başqa, onların yollarda istifadəsi mümkün deyil.
Asfalt yollarda hərəkət etməsələr də, bəzi tərəfdarlar eVTOL-lərin ən dar mənada insanı A nöqtəsindən B nöqtəsinə daşıyan nəqliyyat vasitəsi, yəni avtomobil hesab edilməli olduğuna inanırlar.
Floridada yerləşən müəssisədə eVTOL istehsal etməyi planlaşdıran İsrailin Air şirkətinin həmtəsisçisi və baş direktoru Rani Plaut bildirib ki, uçan avtomobillər problemli və tıxaclı yollardan yayınmaq istəyən sürücülərin marağına səbəb ola bilər.
Həqiqi uçan avtomobil hazırladığını iddia edən şirkətlərdən biri də Kaliforniyada yerləşən Alef startapıdır. Şirkətin baş direktoru Cim Duxovni bildirib ki, saatda təxminən 90 kilometr sürətə çatacaq ilk model təyyarəni avtomobilə və ya avtomobili təyyarəyə uyğunlaşdırmaq əvəzinə, həm təyyarə, həm də avtomobil kimi işləməsi üçün layihələndirilib.
115 kiloqram ağırlığında olan aparat havaya qalxmaq üçün gövdəsindəki səkkiz pərdən istifadə edir. Bununla yanaşı, onun dörd təkəri var və o, yolda hərəkət etmək üçün nəzərdə tutulub. Model A yalnız özü qədər ağır olmayan bir nəfəri daşıya bilir və hava yastığı kimi standart təhlükəsizlik avadanlıqlarına malik deyil.
Duxovni isə bu aparata eVTOL deyil, avtomobil kimi baxılmasını istəyir. O bildirib ki, eVTOL-lər aviasiya bazarı üçün nəzərdə tutulub, onların rəqibləri isə Toyota, Ford və Tesla kimi şirkətlərdir.
Smitsonian Milli Hava və Kosmos Muzeyinin şaquli uçuş kolleksiyasının kuratoru Rocer Konor həm avtomobil, həm də təyyarə kimi işləməyə çalışmanın bir sıra fundamental mühəndislik problemləri yaratdığını deyib.
Bunun səbəbi təyyarələrin çəkiyə həssas olması, avtomobillərin isə ağır avadanlıqlara ehtiyac duymasıdır. Konorun sözlərinə görə, hər iki xüsusiyyəti birləşdirən hibrid nəqliyyat vasitəsi həm aşağı performanslı təyyarə, həm də aşağı performanslı avtomobil olacaq.
Bununla belə, ABŞ Federal Aviasiya Administrasiyası mart ayında 26 ştatda bir sıra sınaq proqramlarına başlayaraq eVTOL-lərin inkişafını dəstəkləyib. Proqramı elan edən nəqliyyat naziri Şon Daffi aviasiyanın gələcəyinin artıq gəldiyini və insanların, eləcə də məhsulların daşınma üsulunu əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını bildirib.
Federal Aviasiya Administrasiyasının araşdırdığı məsələlərdən biri də bu aparatları kimin idarə etməsinə icazə veriləcəyidir. Gözləntilərə görə, eVTOL idarə etmək üçün kiçik təyyarə, helikopter və ya sərnişin təyyarəsini idarə etməklə müqayisədə xeyli az, bəlkə də cəmi bir neçə günlük təlim tələb olunacaq.
Konor bunun hələ də üzərində işlənilən məsələ olduğunu bildirib. Onun sözlərinə görə, bu yeni kateqoriyaya aid hava aparatlarını idarə etmək üçün hələ heç kimə lisenziya verilməyib. Bu, hər kəs, xüsusilə də onları nə təyyarə, nə də helikopter hesab edən Federal Aviasiya Administrasiyası üçün yeni sahədir.
Federal Aviasiya Administrasiyasının dəstəyinə baxmayaraq, eVTOL-lər hələ də hazırlanma mərhələsindədir. Onların çox az hissəsi istehsal edilərək müştərilərə çatdırılıb və hazırda mövcud olan modellər kifayət qədər bahadır. Bir neçə sərnişin daşıyan daha böyük modellərin və ya hava taksilərinin hər birinin qiymətinin 1 milyon dolları keçəcəyi bildirilir.
Şəxsi istifadə üçün nəzərdə tutulan modellər daha ucuz olacaq. Bununla belə, dözümlülüyə və uçuş məsafəsinə malik iki nəfərlik hava aparatı üçün 60 min-400 min dollar arasında vəsait tələb olunacaq. Konorun sözlərinə görə, 60 min dollara əslində 72 kiloqramlıq yükü 10 dəqiqə ərzində daşıya bilən dəbdəbəli dron əldə etmək mümkündür.
Tesla Roadster-in uçan versiyasının qiymətini hələ açıqlamayıb. Modelin nə uçan, nə də yerdə hərəkət edən versiyasının ən azı 2028-ci ilədək satışa çıxarılacağı gözlənilir.
Pərdən istifadə edən əksər eVTOL-lərdən fərqli olaraq, Roadster bu ayın əvvəlindəki məhsul təqdimatı zamanı digər avtomobillərin üzərindən tullanmaq və altı-yeddi mərtəbə hündürlüyündəki rampanın başından havaya qalxmaq üçün sıxılmış hava şırnaqlarından istifadə edib.
Roadster nəzərəçarpacaq məsafə qət edə bilməyib və hətta Rayt qardaşlarının 1903-cü ildə Şimali Karolinanın Kitti-Hok bölgəsindəki ilk uçuşlarında əldə etdikləri 36 metrlik məsafədən də geri qalıb. Tesla-nın rəsmi saytında sınaq modelinin ümumi istifadədə olan yollarda hərəkət etmək üçün təsdiqlənmədiyi barədə xəbərdarlıq yer alır.
Buna baxmayaraq, nümayiş sənayedə çalışan bir çox şəxsi sevindirib. Pivotal şirkətindən Menton bildirib ki, Tesla kimi geniş auditoriyaya çıxışı olan şirkətin adi insanların yerdən havaya qalxması ideyasını milyonlarla tamaşaçının diqqətinə çatdırması müzakirələri genişləndirir və sənaye bu maraqdan faydalanır.
Menton şirkətinin avtomobil istehsalçısı olmadığını da xüsusi vurğulayıb: onlar uçan avtomobillər deyil, hava aparatları istehsal edirlər.
