"Tesla" və "BYD"yə meydan oxuyan yeni texnologiya: 5 dəqiqəyə 500 kilometr məsafə qət edir

Dünyanın ən böyük elektrik avtomobil akkumulyatoru istehsalçısı Çinin "Contemporary Amperex Technology Limited" şirkəti (CATL) sektorda rəqabəti daha da gücləndirəcək yeni nəsil akkumulyator texnologiyasını təqdim edib. Şirkətə görə, yeni “Shenxing” akkumulyatoru cəmi 5 dəqiqəlik şarjla təxminən 500 kilometr (320 mil) məsafə qət edə bilir.
CATL-nin elanı Çinli rəqibi "BYD"nin keçən ay elan etdiyi “Tesla qatili” adlandırılan yeni batareya texnologiyasından dərhal sonra gəlib.
"BYD"nin akkumulyatorları 5 dəqiqəlik şarjla təqribən 400 kilometr məsafə qət edə bildiyi halda, CATL bu rəqəmi 100 kilometr artırıb. "Tesla"nın Supercharger texnologiyası 15 dəqiqəyə yalnız 320 kilometr məsafə qət edə bilir.
Yeni nəsil Shenxing batareyası tam doldurulduqda 800 kilometr (500 mil) məsafə qət edə bilir.
Batareyanı hətta -10 dərəcə Selsi kimi aşağı temperaturda belə cəmi 15 dəqiqə ərzində 5 faizdən 80 faizə qədər doldurmaq olar.
CATL həmçinin litium və qurğuşun-turşu akkumulyatorlarından daha təhlükəsiz və sərfəli olan “Naxtra” adlı yeni natrium-ion batareya modelini təqdim edib.
Təbiətdə natriumun bolluğu istehsal xərclərini əhəmiyyətli dərəcədə azaltsa da, bu akkumulyatorun yanğın və partlayış risklərinə daha davamlı olduğu vurğulanıb.
"Naxtra" batareyalarının diapazonu təqribən 500 kilometr (310 mil) olaraq elan edilib və ilin sonuna kimi kütləvi istehsalın başlanması planlaşdırılır.
"Tesla", BMW, "Volkswagen" və "Ford" kimi nəhəng markaları akkumulyatorlarla təchiz edən CATL 2024-cü ildə 38 faiz bazar payı ilə ardıcıl səkkizinci il dünyanın ən böyük akkumulyator tədarükçüsü olub. Onun rəqibi BYD isə 17,2 faiz payla ikinci olub.
CATL Honq-Konqda ikinci dərəcəli kütləvi təkliflər verməklə qlobal artımını davam etdirməyi hədəfləyir. Şirkətin məlumatlarına görə, 2024-cü ilin son rübündən sonra dünyada hər üç elektrik avtomobilindən biri CATL batareyaları ilə işləyəcək.
CATL rəsmiləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə Çin məhsullarına tətbiq edilən tariflərin şirkətə məhdud təsir göstərdiyini bildirib.
Şirkətin Amerika bazarı onun ümumi tədarüklərinin kiçik bir hissəsini təşkil edir.
Buna baxmayaraq, şirkətin ötən ildən etibarən alternativ planlar hazırladığı və müştəriləri ilə həll yönümlü müzakirələr apardığı vurğulanıb.