Aİ: Ukraynanın bu il büdcə maliyyələşməsində kəsiri yoxdur
Avropa Komissiyası Ukraynanın 2026-cı il büdcəsində 27 milyard avro maliyyə çatışmazlığı olduğu barədə məlumatı təkzib edib.
AFN.az xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu Brüsseldə keçirdiyi brifinqdə açıqlayıb.
Pinyunun sözlərinə görə, Avropa Komissiyası Ukraynanın büdcə maliyyələşməsində belə çatışmazlığın olduğunu heç vaxt açıqlamayıb. O, bu barədə məlumatların mediada yayıldığını bildirib.
Avropa Komissiyasının Ukraynanın maliyyələşdirilməsi məsələsinə cavabdeh nümayəndəsi Balaş Uyvari isə bildirib ki, Aİ-nin bu il üçün nəzərdə tutduğu vəsait Ukraynanın 2026-cı il büdcə ehtiyaclarını qarşılamağa kifayətdir. Onun sözlərinə görə, 2,9 milyard avroluq tranşın köçürülməsindən sonra Aİ-nin bu il üçün ayırdığı vəsaitin 34 milyard avrosu qalır.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl ölkənin 2026-cı il üçün 27 milyard avroluq əlavə maliyyə ehtiyacı olduğunu açıqlamışdı. Avropa Komissiyası isə avqust ayında bu məsələnin araşdırıldığını və əlavə hesablamalara ehtiyac olduğunu bildirmişdi.
