Zelenski Aİ-nin maliyyə dəstəyinin davam edəcəyinə ümid edir

Vladimir Zelenski Ukrayna büdcəsində ordunun ehtiyaclarını maliyyələşdirmək üçün vəsait çatışmadığı vaxtda Avropa İttifaqının Kiyevə maliyyə dəstəyini davam etdirəcəyinə ümid etdiyini bildirib.
AFN.az xəbər verir ki, o, videobağlantı vasitəsilə Avropa Şurasının iclasının iştirakçılarına müraciət edib və həmin müraciəti özünün Telegram kanalında yayımlayıb.
"Büdcə dəstəyi də bizim üçün həyati əhəmiyyət kəsb edir. Hər biriniz başa düşürsünüz ki, müharibə büdcə kəsiri yaradır. Xüsusilə gələn il büdcə ehtiyaclarımızı ödəmək üçün davamlı dəstəyinizə ümid edirik", - deyə Ukrayna prezidenti bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın "Ekonomichna Pravda" nəşri Müdafiə Nazirliyinin oktyabr-dekabr aylarında hərbi qulluqçuların maaşlarının ödənilməsi üçün nəzərdə tutulan vəsaitdən sursat almaq üçün istifadə etməyə başladığını yazıb.
Daha sonra Ali Radanın deputatı Yaroslav Jeleznyak 400 milyard qrivna (təxminən 9,6 milyard dollar) büdcə kəsirinin formalaşmasına Zelenskinin ofisinin cavabdeh olduğunu bildirib.
Ukrayna Nazirlər Kabineti bir gün əvvəl müdafiə sektorunun maliyyələşdirilməsində boşluğu aradan qaldırmaq üçün ölkənin 2025-ci il büdcəsinə 9,8 milyard dollar məbləğində dəyişiklikləri təsdiqləyib.