İran Aİİ-ni birgə inkişaf üçün mühüm platforma adlandırıb
İran Avrasiya İqtisadi İttifaqını (Aİİ) regional əməkdaşlığın inkişafı üçün ən mühüm platformalardan biri hesab edir.
AFN.az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Aİİ ölkələrinin hökumətlərarası şurasının iclasının iştirakçılarına müraciətində bildirib.
Onun sözlərinə görə, əsas məqsəd mövcud potensialı ticarətə, investisiyalara və birgə inkişafa çevirməkdir. Aref İranın Aİİ üçün ticarət sahəsində fəal, etibarlı və uzunmüddətli tərəfdaş olmağa hazır olduğunu qeyd edib.
İranın birinci vitse-prezidenti tərəflərin enerji və nəqliyyat sahələrində birgə layihələrə də diqqət yetirməli olduğunu vurğulayıb.
Aref bildirib ki, İranın mövcud infrastrukturu və əlverişli coğrafi mövqeyi ölkəni Avrasiya ticarəti üçün əsas tranzit halqalardan birinə çevirə bilər.
Qeyd edək ki, Aİİ ilə İran arasında azad ticarət sazişi 2025-ci ilin mayından qüvvədədir.


