BƏƏ "Flydubai" reysindəki insidenti terror aktı kimi qiymətləndirib
BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş "Flydubai" təyyarəsində baş verən insidenti terror aktı adlandırıb.
AFN.az xəbər verir ki, Qarqaş bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O, Dubaydan Təl-Əvivə uçan təyyarənin kapitanı olan hindistanlı pilot Smit Maççharın təhlükəli insident zamanı göstərdiyi cəsarəti yüksək qiymətləndirib. Qarqaş pilotun mümkün faciənin qarşısını almaq üçün məsuliyyətli davrandığını bildirib.
Qarqaş ekstremizm və terrorizm təhlükəsinə qarşı ayıq-sayıq olmağa çağırıb, həmçinin hadisə ilə bağlı tələsik nəticələr çıxarılmamasını və konspirasiya nəzəriyyələrinin yayılmamasını istəyib.
Sentyabrın 30-da "Flydubai"ın Dubay-Təl-Əviv reysi Səudiyyə Ərəbistanının Tabuk şəhərinə məcburi eniş edib. Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi hadisənin ikinci pilotun təyyarə komandirinə hücumu nəticəsində baş verdiyini açıqlayıb. Hər iki pilot müxtəlif dərəcəli xəsarətlər alıb.
BƏƏ hakimiyyəti hadisənin səbəbləri və şəraitini, o cümlədən uçuşun təşkili və təhlükəsizlik tədbirlərini araşdırır.

