Trampın kürəkəninə məxsus şirkət İsrailin müdafiə sektoruna investisiya qoyub


ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin təsis etdiyi “Affinity Partners” şirkətinin İsrailin hərbi sənayesi ilə əlaqəli şirkətlərə investisiya qoyan “Phoenix Financial”də böyük paya sahib olduğu üzə çıxıb.

AFN.az xəbər verir ki, bu barədə CNN araşdırma yayıb.

Araşdırmaya görə, “Affinity Partners” 2025-ci ilin yanvarında “Phoenix Financial”dəki payını iki dəfə artıraraq şirkətin ən böyük səhmdarına çevrilib. “Phoenix Financial”in investisiya qoyduğu şirkətlər arasında İsrailin ən böyük müdafiə şirkəti “Elbit Systems”, həmçinin İsrail ordusuna məhsul tədarük edən digər şirkətlər də var.

CNN minlərlə maliyyə sənədini araşdıraraq “Phoenix Financial”in İsrailə hərbi avadanlıq tədarük edən ən azı doqquz şirkətə investisiya etdiyini müəyyənləşdirib. Bu şirkətlərin səhmlərində 2025-ci ildə artım qeydə alınıb və bir sıra şirkətlər Qəzzadakı müharibənin məhsullarına tələbi artırdığını bildiriblər.

Kuşner eyni zamanda Trampın tapşırığı ilə Yaxın Şərqdə diplomatik səylərdə iştirak edib. CNN qeyd edir ki, bu vəziyyət onun biznes fəaliyyəti ilə diplomatik fəaliyyəti arasında maraq toqquşması ilə bağlı suallar yaradıb.

Kuşnerin vəkili onun “Phoenix Financial”in investisiya qərarlarında iştirak etmədiyini, şirkətin idarə heyətində olmadığını və heç vaxt burada rəhbər vəzifə tutmadığını bildirib. Ağ Ev də Kuşnerin şəxsi biznes fəaliyyətinin onun diplomatik fəaliyyəti ilə əlaqəsi olmadığını açıqlayıb.

“Affinity Partners” bu ilin iyulunda “Phoenix Financial”dəki payının dörddə birini 340 milyon dollardan çox məbləğə satıb. Buna baxmayaraq, şirkət hazırda da “Phoenix Financial”in ən böyük səhmdarı olaraq qalır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu