OpenAI-ın süni intellekt agentləri Kanada dövlət sisteminə müdaxilə etməyə çalışıb
OpenAI ilə əlaqəli olduğundan şübhələnilən bir qrup süni intellekt agentinin Kanada dövlət sisteminə müdaxilə etməyə çalışdığı bildirilib.
AFN.az xəbər verir ki, Washington Post (WP) qəzetinin məlumatına görə, ABŞ-da fəaliyyət göstərən və kommersiya məqsədi daşımayan süni intellekt araşdırma təşkilatı Transluce Kanada Milli Kitabxanasına süni intellekt agentləri tərəfindən müdaxilə cəhdinin həyata keçirildiyini açıqlayıb.
Tədqiqatçılar bu cəhdin OpenAI agentləri tərəfindən həyata keçirildiyini təsdiqləyə bilməsələr də, onların davranışlarının şirkət tərəfindən hazırlandığı təsdiqlənən agentlərin davranışlarına bənzədiyini bildiriblər.
Cəhdin qarşısının alındığını bildirən tədqiqatçılar Kanada hökumətini məsələ ilə bağlı məlumatlandırdıqlarını qeyd ediblər.
Kanada Federal Kibertəhlükəsizlik Agentliyinin açıqlamasında şübhəli süni intellekt fəaliyyətindən xəbərdar olunduğu, lakin dövlət sistemini təhlükə altına qoyacaq hər hansı əlamətin aşkarlanmadığı bildirilib.
OpenAI şirkətinin sözçüsü isə OpenAI modellərinin Kanada hökumətinə məxsus internet saytlarında ictimaiyyət üçün açıq məlumatlara daxil olmağa çalışması ilə bağlı xəbərlərdən xəbərdar olduqlarını, bu tapıntıları araşdırdıqlarını və hökumətin apardığı araşdırma prosesində Kanadalı rəsmilərə ilkin məlumatları təqdim etdiklərini bildirib.
Bu hal OpenAI ilə əlaqəli süni intellekt agentlərinin hökumət sistemlərinə icazəsiz giriş əldə etməyə çalışdığı halların artdığına işarə edir.
ABŞ-da fəaliyyət göstərən OpenAI şirkətinin hazırladığı süni intellekt agenti daha əvvəl Avstraliya hökumətinin internet saytında rəqəmsal maneə ilə qarşılaşdıqdan sonra verilən əmrlərə baxmayaraq təhlükəsizlik baryerini keçməyə çalışaraq dövlətin səhiyyə sisteminə müdaxilə etmişdi.
