Xəstə uşaqların müalicə xərcini ödəməyən "Atəşgah Sığorta" məhkəmədə uduzdu
Türkiyədə istirahət zamanı xəstələnən iki uşağın tibbi xərclərini ödəməkdən imtina edən “Atəşgah Sığorta” şirkəti məhkəmə qərarı ilə ailəyə 2 027,18 manat ödəməli olacaq.
Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılan iş üzrə iddiaçı Səbinə Kərimli sığorta şirkətindən tibbi xərclərin, mənəvi zərərin və hüquqi yardım xərclərinin ödənilməsini tələb edib.
Məhkəmə materiallarından məlum olur ki, Səbinə Kərimli həyat yoldaşı və iki övladı ilə Türkiyənin Muğla vilayətinin Bodrum rayonuna istirahətə gedib. Səfərdən əvvəl ailə üzvləri üçün səyahət sığortası da alınıb.
Lakin səfər zamanı səhər saat 05:00 radələrində uşaqların – Mələk Kərim və Ömər Kərimin səhhəti qəfil pisləşib. Onlarda qusma, ishal və qarın nahiyəsində ağrılar yaranıb. Ailə uşaqları Bodrumda yerləşən “Acıbadem Hospital”a aparıb.
Həkimlər uşaqlara mədə-bağırsaq infeksiyası diaqnozu qoyublar. Müalicə və tibbi xidmətlərə görə Mələk Kərim üçün 31 070,96 türk lirəsi (1 087,48 manat), Ömər Kərim üçün isə 25 709,50 türk lirəsi (899,83 manat) ödənilib. Ümumilikdə tibbi xərclər 1 987,31 manat təşkil edib.
İddiaçı bildirib ki, hadisə günü sığorta şirkətinin məlumat mərkəzi ilə əlaqə saxlayaraq vəziyyət barədə məlumat verib və sənədləri təqdim edib. Ona Azərbaycana qayıtdıqdan sonra tibbi sənədlər və ödəniş qəbzləri ilə müraciət etməsi tövsiyə olunub.
Lakin ailə ölkəyə qayıtdıqdan sonra sığorta şirkəti ödənişdən imtina edib. Şirkət tibbi xərclərin əvvəlcədən “Remed Assistans” servis mərkəzi ilə razılaşdırılmadığını və hadisə barədə vaxtında məlumat verilmədiyini əsas gətirib.
Səbinə Kərimli isə imtinanı əsassız hesab edərək şirkətdən 1 987,31 manat tibbi xərcin, 300 manat vəkil xərcinin, 1 000 manat mənəvi zərərin və 52,87 manat dövlət rüsumunun tutulmasını istəyib.
Məhkəmə sığorta şirkətinin etirazını əsaslı saymayıb. Qərarda qeyd olunub ki, iddiaçı hadisə barədə sığorta təşkilatına məlumat verib və tibbi xərcləri təsdiq edən sənədləri təqdim edib. Buna görə də sığorta şirkəti hadisənin sığorta hadisəsi olub-olmadığını müəyyən etmək imkanından məhrum edilməyib.
Hakim Şahin Abdullayev hesab edib ki, sığorta ödənişindən imtina əsassızdır.
Nəticədə iddia qismən təmin edilib. “Atəşgah Sığorta” şirkətindən Səbinə Kərimlinin xeyrinə 1 987,31 manat sığorta ödənişi və 39,87 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2 027,18 manat tutulmasına qərar verilib.
Məhkəmə 1 000 manat mənəvi zərər və 300 manat vəkil xərci ilə bağlı tələbləri isə təmin etməyib. Buna səbəb həmin xərclərin çəkildiyini və mənəvi zərərin yarandığını təsdiqləyən sübutların təqdim olunmamasıdır.
Qətnamədən tərəflər rəsmi təqdim edildiyi gündən bir ay ərzində apellyasiya şikayəti verə bilərlər.
Qaynarinfo


