Nəhəng ekzoplanet müşahidə sahəsindən yoxa çıxdı


Astronomlar təsadüf nəticəsində indiyədək müşahidə edilməmiş bir hadisənin – ekzoplanetin müşahidə sahəsindən itməsi prosesinin şahidi olublar.

AFN.az xəbər verir ki, normal şəraitdə planetlər yoxa çıxmadığı üçün əvvəlcə bunun 1993-cü ildə Hubble teleskopunda yaşanan hadisəyə bənzər optik nasazlıqdan, yoxsa planeti məhv edən hansısa təsirdən qaynaqlandığı sual doğurub.

TOI-2535b adlandırılan bu ekzoplanetin müşahidə olunmayan bir qardaş planeti var. Qravitasiya təsiri ilə bir-birini itələyən bu iki planet Günəşdən bir qədər kiçik və təxminən 1 100 işıq ili uzaqlıqda yerləşən, yaşı 9,7 milyard il olan TOI-2535 adlı K-cücəsi ulduzunun ətrafında mürəkkəb orbitlər üzrə hərəkət edir.

Ulduzun ətrafında dövr edən isti Yupiterlər sinfinə aid TOI-2535b, kütləsinə görə Günəş sistemimizdəki Yupiterlə təxminən eynidir. Lakin o, ulduzuna o qədər yaxın məsafədə yerləşir ki, bir dövrəsini səkkiz gündən bir qədər artıq müddətdə tamamlayır. Bu, Günəşə ən yaxın planet olan Merkurinin dövr etmə sürətindən təxminən 10 dəfə çoxdur.

Planetin kosmosdakı hərəkəti onun, ehtimal ki, Saturn ölçüsündə və hələ birbaşa müşahidə edilməmiş ən azı bir qardaş planetinin də olduğunu göstərir. İki planet arasındakı qravitasiya qarşılıqlı təsiri hər ikisini görünməmiş dərəcədə maili və yırğalanan orbitlərə yönəldib. Hər bir yırğalanma dövrünün tamamlanması 30-50 il çəkə bilər. Bu proses planetlərin Yerdən baxıldıqda öz ulduzlarının qarşısından keçmə bucağını dəyişir.

Kaliforniya Universitetinin Los-Anceles kampusundan (UCLA) astrofizik Samuel Yee ScienceAlert-ə açıqlamasında bildirib ki, öz Günəş sistemimizdə Merkuridən başqa bütün planetlər cəmi bir dərəcəlik meyillə eyni müstəvi üzrə hərəkət edir. Planetlərin ilkin planet əmələgəlmə diskindən formalaşması səbəbindən belə quruluşun gözlənilən olduğunu qeyd edən Yee, TOI-2535 ətrafındakı iki planetin isə bir-birinə nəzərən ən azı 5 dərəcəlik meyilliyə malik olduğunu və bunun çoxplanetli sistemlərin əksəriyyətindən daha yüksək göstərici sayıldığını deyib.

TOI-2535b-nin yoxa çıxmış kimi görünməsi kosmosdakı mövqeyimiz və ekzoplanetlərin müşahidə üsulu ilə bağlıdır. Astronomlar bu planetin mövcudluğuna dair ilk sübutları 2019-cu ildə NASA-nın Tranzit Ekzoplanet Tədqiqat Peyki (TESS) vasitəsilə əldə ediblər. Təsdiqlənmiş təxminən 6 500 ekzoplanetdən 4 800-nün aşkarlanmasına imkan verən tranzit üsulu sadə prinsipə əsaslanır: ekzoplanet öz ulduzunun qarşısından keçərkən onun işığının bir hissəsini kəsir və ulduzun parlaqlığında nəzərəçarpan azalma yaradır.

Çoxsaylı kosmik və yerüstü teleskoplardan istifadə edilərək aparılan sonrakı yeddi illik müşahidələr zamanı astronomlar TOI-2535b-nin ulduzunun mərkəzi xəttindən getdikcə daha yuxarıya doğru sürüşdüyünü izləyiblər. Son mərhələdə planet ulduzun diskini yalnız kənarından keçib və 2026-cı ilin mart ayına olan məlumata görə, tamamilə müşahidə sahəsindən çıxıb.

Tədqiqatın ikinci müəllifi, UCLA-nın astrofiziki Erik Petigura oxşar orbital qarşılıqlı təsirlərin Yer üzündə tutulmalara səbəb olduğunu xatırladıb. O bildirib ki, Ayın Yer ətrafındakı orbiti Yer kürəsinin Günəş ətrafındakı orbiti ilə tam uyğunlaşsaydı, hər ay tutulma baş verərdi.

Tədqiqatın məlumatlarına əsasən, TOI-2535b qarşıdakı onilliklər ərzində müşahidə sahəmizə yenidən daxil olub oradan çıxmağa davam edəcək. Gizli qardaş planetin də yaxın gələcəkdə üzə çıxa biləcəyi ehtimal olunur. Bunun hər iki göy cisminin xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirməyə imkan verəcəyi gözlənilir.

Alimlər TOI-2535b-nin 50 milyon orbital dövrünü əhatə edən bir milyon illik modelləşdirmə də aparıblar. Araşdırma nəticəsində planetlərin orbital rezonansının sistemi sabit saxladığı, onların bir-birini məhv etməsinin və ya kosmosa atmasının qarşısını aldığı müəyyən edilib.

Bu tədqiqat isti Yupiterlərin yaranması ilə bağlı fərqli yanaşma da ortaya qoyur. Samuel Yee qısa orbital dövrə malik və bir-biri ilə yaxın qravitasiya əlaqəsində olan iki nəhəng planetin yerləşdiyi TOI-2535 sisteminin indiki mövqeyində formalaşmadığını bildirib. Onun sözlərinə görə, planetlər ilkin planet əmələgəlmə diski boyunca daxilə doğru miqrasiya etmiş ola bilər. Lakin orbitlərinin meyilliyinin necə bu qədər artdığı hələ də cavabsız sual olaraq qalır.

Bu tapıntılar astronomik hadisələrin zamanla dəyişə bildiyini də nümayiş etdirir. Yee əvvəllər planet tranzitlərinin sonradan müşahidə olunmağa başladığı bir neçə hadisə ilə qarşılaşdıqlarını bildirib. O, Yerdən baxış bucağımıza görə müşahidə sahəsinə davamlı olaraq daxil olub-çıxan planetlərin mövcud olduğunu da vurğulayıb. Tədqiqatın nəticələri The Astrophysical Journal Letters jurnalında dərc olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu