Yumurtalıq xərçənginin erkən aşkarlanması üçün qan testi hazırlanır



Alimlər yumurtalıq xərçəngi inkişaf etməzdən əvvəl meydana gələn mikroskopik hüceyrə dəyişikliklərini qanda müəyyən edə bilən molekulyar siqnal aşkar ediblər.

AFN.az xəbər verir ki, “Nature Medicine” jurnalında dərc olunan araşdırmaya görə, yumurtalıq xərçəngi əksər hallarda uşaqlıq borularının daxili səthində başlayan mikroskopik dəyişikliklərlə ortaya çıxır.

Xərçəngönü zədələnmələr kimi tanınan bu dəyişikliklər seroz tubal intraepitelial karsinoma (STIC) adlandırılır.

Yeni araşdırmada bu xərçəngönü dəyişiklikləri daşıyan qadınların qanında Tu-Stroma adlı RNT molekulunun səviyyəsinin yüksəldiyi müəyyən edilib.

Tədqiqatçılar Tu-Stroma molekulunu ölçməklə xərçəngönü zədələnmələri olan qadınların 92,3 faizini müəyyən ediblər.

Test, həmçinin sağlam qadınların 98,2 faizini düzgün müəyyən edib.

Yumurtalıq xərçəngi baxımından genetik risk faktorları daşıyan qadınlarda isə müsbət test nəticələrinin təxminən 72 faizinin doğru olduğu, mənfi nəticələrin dəqiqlik göstəricisinin isə təxminən 100 faizə çatdığı bildirilib.

Araşdırmanın xüsusilə genetik meyillilik səbəbindən yumurtalıq xərçəngi riski yüksək olan qadınlar üçün mühüm nəticələr doğura biləcəyi bildirilir.

Bu qadınlar xərçəng riskini azaltmaq məqsədilə uşaqlıq borularının və yumurtalıqların çıxarılmasını nəzərdə tutan profilaktik əməliyyatlarla bağlı çətin qərarlarla üzləşə bilirlər.

Araşdırmanın həmmüəlliflərindən biri olan doktor Esha Madan bildirib ki, hazırda profilaktik əməliyyatlarla bağlı qərarlar əsasən irsi risk faktorlarına əsasən verilir, xərçəngönü zədələnmələrin həqiqətən mövcud olub-olmadığı isə məlum deyil.

Madan bu kəşfin gələcəkdə həmin çatışmayan bioloji məlumatı təmin edə biləcəyini qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu