Evdə asanlıqla tətbiq oluna bilən prostat xərçəngi testi hazırlanıb

İngiltərədəki elm adamları kişilərin genetik quruluşunda baş verən dəyişiklikləri araşdıran və evdə asanlıqla tətbiq oluna bilən yeni tüpürcək testi hazırlayıblar. Testin mövcud prostat xərçəngi müayinə üsulları ilə müqayisədə daha uğurlu nəticələr verdiyi bildirilib.
Prostat vəzi xərçəngində erkən diaqnozun həyati əhəmiyyət daşıdığını vurğulayan mütəxəssislər, bu yeni test sayəsində aqressiv şişlərin daha yüksək nisbətdə təsbit edilə və lazımsız müayinələrin azaldıla biləcəyini bildiriblər.
Hazırda prostat xərçəngi riskini qiymətləndirmək üçün istifadə edilən əsas üsul qanda prostata xas antigenin (PSA) səviyyəsini ölçən testlərdir.
Bununla belə, bu testlər bəzən yanlış nəticələr verə və ya aqressiv halları qaçıra bilər. NHS PSA testini yalnız həkim lazım bildiyi və ya 50 yaşdan yuxarı kişilərin tələbi ilə həyata keçirir.
PSA testinə alternativ olaraq inkişaf etdirdikləri “poligen risk şkalası” adlandırdıqları metodda tədqiqatçılar tüpürcək nümunələri vasitəsilə prostat xərçəngi ilə əlaqəli 130 genetik variantı təhlil edirlər.
London Xərçəng Araşdırma İnstitutu və Kral Marsden NHS Fondu ilə birgə aparılan araşdırmada 55-69 yaş arası 6300 kişi müayinə olunub. İştirakçıların 12 faizi yüksək risk qrupundan olub. Bu şəxslər MRT taramalarına və biopsiyaya göndəriliblər. Müayinə zamanı 187 kişidə prostat xərçəngi aşkar edilərkən, onlardan 103-də xərçəng riskinin yüksək olduğu müəyyən edilib.
Bu insanların 118-də PSA səviyyəsi normal həddən aşağı olsa da, xərçəng aşkarlanıb, 74-də isə mövcud diaqnostik üsullarla xəstəliyin aşkarlanmasının mümkün olmadığı vurğulanıb.
Bildirilib ki, yeni test mövcud PSA testindən daha üstündür, xüsusən də aqressiv şişləri daha yüksək sürətlə aşkar edir və yanlış müsbət göstəriciləri azaldır. Sınaqın MRT müayinələri ilə qaçırılan bəzi xərçəng növlərini də müəyyən edə bildiyi qeyd edilib.
Araşdırmanın nəticələri "New England Journal of Medicine" tibb jurnalında dərc olunub. Mütəxəssislər bu metodun erkən diaqnoz sayəsində NHS-ə hər il təxminən 500 milyon funt-sterlinq qənaət edə biləcəyini bildiriblər.
Böyük Britaniyanın Prostat Xərçəngi rəsmiləri testin müxtəlif etnik qruplara təsirini qiymətləndirmək üçün yeni müqayisəli araşdırmaya başlayıblar.
Mütəxəssislər iddia edirlər ki, yeni test perspektivli olsa da, İngiltərədə prostat xərçənginin milli skrininq proqramının işə salınması üçün hələ kifayət qədər dəlil yoxdur.
Qeyd edək ki, hər il İngiltərədə təxminən 55.000 insana prostat xərçəngi diaqnozu qoyulur və 12.000 ölüm bu xəstəlikdən baş verir.