ABŞ-da uçuşların dayandırılmasına görə nazir Konqresi günahlandırdı
ABŞ-ın nəqliyyat naziri Şon Daffi noyabrın 13-də ölkə üzrə uçuşların dayandırılmasına səbəb olan rabitə nasazlığına görə Konqresi məsul tutub.
AFN.az xəbər verir ki, nazir Konqresin rabitə infrastrukturunun yenilənməsi işləri üçün kifayət qədər maliyyə ayırmadığını bildirib.
NBC News telekanalının Meet the Press proqramının qonağı olan Daffi cümə günü ölkə üzrə uçuşların dayandırılmasına səbəb olan rabitə kəsintisini şərh edib.
Daffi bildirib ki, hadisə Arkanzas ştatının El Dorado bölgəsində rabitə infrastrukturunun yenilənməsi işləri zamanı baş verib. Onun sözlərinə görə, obyekt işə salınarkən istifadə edilən marşrutlaşdırıcının şəbəkənin qalan hissəsini məlumat axını ilə yüklədiyi aşkarlanıb.
Problemin El Doradodan qaynaqlandığını müəyyən etdikdən sonra həmin obyekti sistemdən çıxardıqlarını deyən Daffi uçuşların həmin gün normallaşacağını bildirib.
Yenilənmədən əvvəl sistem infrastrukturunun çox köhnə olduğunu vurğulayan nazir Konqresin ABŞ Prezidenti Donald Trampın 12,5 milyard dollarlıq genişmiqyaslı qanun layihəsi çərçivəsində xərcləmələrə müdaxilə etdiyini iddia edib.
Daffi telekommunikasiya infrastrukturu və yeni proqram təminatı üçün ona maliyyə ayrılmadığını deyib. O, işləri başa çatdırmaq üçün bu prosesə ayrılmış vəsaitin hamısına ehtiyac duyduğunu, buna görə də Konqresə gedərək görülən işlər barədə məlumat verəcəyini bildirib.
Hadisənin öz nəzarəti altında baş verdiyini qəbul edən Daffi, buna baxmayaraq, onlara miras qalmış vəziyyətə görə üzr istəməyəcəyini söyləyib. O, nə respublikaçıları, nə də demokratları günahlandıra biləcəyini, hər iki tərəfin məsuliyyət daşıdığını qeyd edib.
Hava məkanını bağlamaqla insanların təhlükəsizliyini təmin etdiyinə görə üzr istəməyəcəyini bildirən nazir risklər mövcud olduqda bu cür addımlar atacağını vurğulayıb.
Verilişin aparıcısının hadisənin bir daha təkrarlanmayacağına zəmanət verib-verə bilməyəcəyi barədə sualını cavablandırmayan Daffi araşdırma aparılacağını və müvafiq tədbirlərin görüləcəyini deyib.
O, hadisənin hücum nəticəsində baş verdiyinə dair heç bir əlamətin olmadığını, problemin şəbəkə ilə bağlı olduğunu düşündüklərini bildirib. Daffi kəsintiyə səbəb olduğunu iddia etdiyi L3Harris Technologies şirkəti ilə əməkdaşlığı mövcud müqavilələrə görə dayandıra bilməyəcəklərini də qeyd edib.
Digər tərəfdən, İllinoys ştatından senator Tami Dakvort sosial media hesabında paylaşım edərək Daffinin əvvəlki açıqlamalarını tənqid edib. O, nümayiş xarakterli layihələrə vəsait tapıldığını, lakin hava hərəkətinə nəzarət sisteminin təmiri üçün pul ayrılmadığını bildirib.
Nümayəndələr Palatasının üzvü Cim Hims isə CBS telekanalının Face the Nation proqramında çıxışı zamanı məsələnin Konqreslə əlaqəsi olmadığını deyib.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də hava hərəkətinə nəzarət mərkəzlərinə təsir edən müvəqqəti telekommunikasiya kəsintisinin baş verdiyini açıqlamışdı. Bu səbəbdən ölkə üzrə bütün hava limanlarında ehtiyat tədbiri olaraq uçuşların dayandırılması qərara alınmışdı.
ABŞ-da uçuşlar dörd saatdan çox müddətə dayandırıldıqdan sonra əməliyyatlar normallaşıb. Bununla belə, hava nəqliyyatına təsir edən gecikmələr və reyslərin ləğvi davam edir.


