Hindistan və Çin 5 illik fasilədən sonra sərhəd ticarətini açır


Çin Xarici İşlər Naziri Vanq Yi və hindistanlı həmkarı Subrahmanyam Caishankar 5 illik fasilədən sonra iki ölkə arasında birbaşa uçuşların və sərhəd ticarətinin yenidən açılması barədə razılığa gəliblər.

Hindistan Xarici İşlər Nazirliyi Çin Xarici İşlər Naziri Vanqın Hindistana səfəri ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, Vanqın səfəri zamanı iki ölkənin Çin-Hindistan Sərhəd Məsələləri üzrə Xüsusi Nümayəndələrinin görüşü keçirilib. Görüş müsbət və konstruktiv ruhda keçib, tərəflər səmimi və dərin fikir mübadiləsi aparıb və işçi qrupun yaradılması barədə razılığa gəliblər.

Açıqlamada həmçinin Vanq və hindistanlı həmkarı Caishankarın ayrıca görüş keçirdiyi xatırladılıb. Bu görüşdə sabit, əməkdaşlıq yönümlü və gələcəyə yönəlmiş münasibət qurulması barədə razılıq əldə olunduğu vurğulanıb.

Açıqlamaya görə, iki nazir Çin ana torpağı və Hindistan arasında 5 il əvvəl dayandırılan birbaşa uçuşların yenidən başlanması barədə razılığa gəliblər. Eyni zamanda, iki ölkə turist, iş, media və digər ziyarətçi vizalarında asanlıq təmin etmək barədə razılaşıblar.

Digər tərəfdən, iki nazir 5 illik fasilədən sonra müəyyən edilmiş 3 nöqtədə sərhəd ticarətinin yenidən başlanması və iki ölkə arasında ticarət və investisiya axınının təmin olunması barədə razılığa gəliblər.

Qeyd edək ki, Çin ilə Hindistan arasında Himalay dağları ilə əhatə olunmuş qeyri-müəyyən sərhəd xətti suverenlik mübahisələrinə səbəb olur.

İki ölkə arasında Himalaylarda mübahisəli sərhəd xəttində 2020-ci ildə baş vermiş toqquşma ilə pik nöqtəyə çatan anlaşmazlığın həlli üçün aparılan danışıqlar keçən il razılıqla nəticələnmişdi.

Tərəflər 22 oktyabr 2024-cü ildə iki ölkə arasındakı müvəqqəti sərhəd olan Faktiki Nəzarət Xətti üzrə Ladak bölgəsində qarşılıqlı patrul fəaliyyətlərinin təşkil edilməsi barədə razılığa gəldiklərini açıqlamışdılar.

Sonra fevral ayında iki ölkə arasında birbaşa uçuşların 5 illik fasilədən sonra yenidən başlaması barədə razılığa gəlinmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu