Təcili tibbi yardım sistemində idarəetmə böhranı: TƏBİB rəhbərliyi vəziyyətə nə zaman müdaxilə edəcək?


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində aparılan son islahatlar, mərkəzə yeni gətirilən rəhbərliyin idarəçilik üslubu və müəssisədaxili iş mühiti ilə bağlı ciddi narahatlıqlar yaranıb.

TƏBİB-dəki mənbənin AFN.az-a verdiyi məlumata görə, mərkəzin direktoru vəzifəsinə təyin edilən Oqtay Gözəlovun uzun illər beynəlxalq səhiyyə sahəsində, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatında çalışması ilkin mərhələdə əməkdaşlarda müsbət gözləntilər formalaşdırıb. Lakin sonradan rəhbərliyin idarəçilik yanaşması ilə bağlı narazılıqların artdığı, müəssisədə sağlam iş mühitinin getdikcə zəiflədiyi bildirilir.

Mənbəmizin sözlərinə görə, rəhbərliyin fəaliyyətində qarşılıqlı etimadsızlıq, əsassız şübhələr, süni intriqalar və kollektivdə gərginlik yaradan yanaşmalar müşahidə olunur. İdarəetmədə peşəkar meyarlardan daha çox şəxsi münasibətlərin ön plana keçməsi ilə bağlı narahatlıqlar səsləndirilir.

Daha narahatedici məqam isə problemlərin yalnız ayrı-ayrı əməkdaşlarla məhdudlaşmaması, rəhbər heyət arasında da narazılıqların artmasıdır. Vəziyyətin ən ciddi göstəricilərindən biri təcrübəli və peşəkar əməkdaşların müəssisəni tərk etməyə başlamasıdır. Belə ki, Ümumi şöbənin müdiri Fatimə Abdullayevanın artıq öz ərizəsi ilə vəzifəsindən ayrıldığı bildirilir. Onun bu qərarının arxasında mövcud iş mühitindən narazılığın dayandığı barədə məlumatlar var. Mövcud tendensiya davam edərsə, digər struktur rəhbərlərinin də öz xahişləri ilə vəzifələrindən ayrılması ehtimalı istisna edilmir. Bu isə mərkəzdə ciddi kadr itkisinə və idarəetmənin daha da zəifləməsinə səbəb ola bilər.

Bəs belə bir vəziyyətdə TƏBİB rəhbərliyinin məsuliyyəti nədən ibarətdir?

TƏBİB-də rəhbər vəzifəni icra edən Bahadur Rzayevin mövcud proseslərə münasibəti və idarəçilik məsuliyyəti də ciddi suallar doğurur. Belə bir strateji müəssisədə narazılıqların və kadr itkilərinin qarşısının alınması, rəhbərliyin fəaliyyətinə nəzarət edilməsi, eləcə də peşəkar iş mühitinin qorunması birbaşa yuxarı idarəetmə səviyyəsinin vəzifəsidir.

Gənc rəhbər kadrların vəzifəyə təyin olunması özlüyündə problem deyil. Lakin rəhbər vəzifədə çalışmaq yalnız səlahiyyət sahibi olmaq demək deyil. Bu, həm də mürəkkəb idarəetmə proseslərini düzgün qiymətləndirmək, böhranları vaxtında müəyyənləşdirmək və institusional maraqları şəxsi münasibətlərdən üstün tutmaq bacarığı tələb edir. Bahadur Rzayevin mövcud vəziyyətə münasibəti isə bu idarəçilik məsuliyyətinin nə dərəcədə yerinə yetirildiyi barədə suallar yaradır.

TƏBİB rəhbərliyinə ünvanlanan şikayətlərə baxmayaraq, narahatlıq doğuran proseslərin davam etməsi diqqətdən kənarda qalmamalıdır. "Təcili tibbi yardım sistemi adi inzibati müəssisə deyil. Burada idarəetmədə buraxılan səhvlər yalnız əməkdaşların iş şəraitinə deyil, nəticə etibarilə vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinə də təsir göstərə bilər. Bu səbəbdən TƏBİB rəhbərliyi vəziyyətə obyektiv qiymət verməli, Mərkəzdə müstəqil araşdırma aparmalı, əməkdaşların və struktur rəhbərlərinin mövqeyini dinləməli, həmçinin peşəkar kadrların qorunması istiqamətində konkret tədbirlər görməlidir. Dövlət müəssisələri şəxsi münasibətlərin, daxili çəkişmələrin və süni intriqaların meydanına çevrilməməlidir. Təcili tibbi yardım sistemində əsas prioritet rəhbər şəxslərin şəxsi ambisiyaları deyil, dövlətin və vətəndaşların maraqları olmalıdır. Peşəkar kadrları itirmək asandır, lakin onların illərlə formalaşdırdığı təcrübəni və institusional yaddaşı bərpa etmək olduqca çətindir. Hazırda müəssisədə görünən vəziyyət ondan ibarətdir ki, TƏBİB rəhbərliyi bu proseslərə vaxtında müdaxilə etməsə, sabah daha ciddi kadr və idarəetmə problemləri ilə üzləşə bilər" - deyə mənbəmiz qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu