ABŞ və 9 ölkə süni intellekt təchizat zəncirinin təhlükəsizliyini gücləndirəcək



ABŞ və daha 9 ölkə süni intellekt sahəsində təchizat zəncirinin və kritik infrastrukturun gücləndirilməsi üzrə əməkdaşlığı nəzərdə tutan birgə bəyannamə imzalayıb. 

AFN.az xəbər verir ki, razılaşma qabaqcıl süni intellekt texnologiyalarının inkişafı üçün zəruri olan infrastrukturun və təchizat sistemlərinin təhlükəsizliyinin artırılmasını hədəfləyir.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, silikon təchizat zəncirinin yaradılmasını qarşıya məqsəd qoyan beynəlxalq Pax Silica təşəbbüsünə qoşulan ölkələrlə ABŞ arasında süni intellekt sahəsində yeni razılaşma əldə olunub.

San-Fransisko Bəyannaməsi ABŞ, Avstraliya, Hindistan, İsrail, Yaponiya, Cənubi Koreya, Qətər, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Böyük Britaniya arasında qabaqcıl süni intellekt texnologiyalarının inkişafı üçün zəruri kritik infrastrukturun və təchizat zəncirinin gücləndirilməsinə imkan yaradır.

İqtisadi təhlükəsizliyin milli təhlükəsizliyin əsas elementlərindən biri olduğunu təsdiqləyən bəyannamədə süni intellekt sahəsində ortaq məqsədlərin həyata keçirilməsi üçün işçi qrupunun yaradılması nəzərdə tutulur.

Sənəddə süni intellekt təchizat zənciri baxımından əhəmiyyətli olan proqram təminatı, materiallar, bilik və komponentlər kimi həssas texnologiyalara, eləcə də fiziki və rəqəmsal infrastruktura qarşı istənilən təhdidin iştirakçı ölkələrin iqtisadi və milli təhlükəsizliyi üçün ciddi risk yaratdığı vurğulanır.

Vaşinqton administrasiyası 2025-ci ilin dekabrında kritik minerallar, enerji və süni intellekt infrastrukturu kimi sahələri əhatə edən silikon təchizat zəncirinin yaradılması məqsədilə Pax Silica adlı əməkdaşlıq təşəbbüsünü elan etmişdi.

ABŞ-ın rəhbərliyi ilə yaradılan Pax Silica təşəbbüsündə Yaponiya, İsrail, Avstraliya, Sinqapur, Niderland, Böyük Britaniya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan iştirak edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu