Süni intellektlə bağlı uşaq istismarı şikayətləri artıb
2023-2025-ci illərdə süni intellektlə əlaqəli uşaqların cinsi istismarı materialları barədə daxil olan şikayətlərin sayı 8 400 faizdən çox artıb.
AFN.az xəbər verir ki, dünya üzrə bir il ərzində 300 milyondan çox uşağın texnologiya vasitəsilə cinsi istismara və ya istismar məqsədli hərəkətlərə məruz qaldığı müəyyən edilib.
Childlight Qlobal Uşaq Təhlükəsizliyi İnstitutunun hazırladığı hesabatda dünyada uşaqların onlayn və oflayn mühitdə cinsi istismar və istismara məruz qalma miqyası araşdırılıb.
Hesabata görə, ABŞ-da yerləşən İtkin düşmüş və İstismara məruz qalmış Uşaqlar üzrə Milli Mərkəzə (NCMEC) 2023-cü ildə süni intellektlə əlaqəli uşaqların cinsi istismarı materialları ilə bağlı təxminən 4 700 məlumat daxil olub.
2025-ci ildə isə bu cür şikayətlərin sayı 400 mini ötüb. Beləliklə, iki il ərzində göstəricidə 8 400 faizdən çox artım qeydə alınıb.
Şikayətlər arasında uşaqların üzlərinin cinsi məzmunlu görüntülərə rəqəmsal şəkildə yerləşdirildiyi deepfake şəkillər və videolar da yer alıb.
Dünya üzrə bir il ərzində 300 milyondan çox uşağın internet və rəqəmsal texnologiyalardan istifadə edilməklə cinsi istismara və ya sömürüya məruz qaldığı təxmin edilir.
Onlayn uşaq istismarına qarşı qanunvericilikdəki boşluqlar xüsusilə Şərqi Asiya və Sakit okean regionunda nəzərə çarpır. Araşdırılan 46 ölkə və ərazinin 37 faizində onlayn uşaq istismarına qarşı konkret qanunvericilik mövcud deyil. Latın Amerikası və Karib hövzəsində isə bu göstərici 19,6 faiz təşkil edir.
Childlight təşkilatının baş icraçı direktoru Pol Stenfild bildirib ki, hökumətlər istismarın harada baş verdiyi və kimlərin daha yüksək risk altında olduğu barədə çox vaxt kifayət qədər məlumata malik deyillər. O, uşaqların cinsi istismar və sömürüdan qorunması üçün etibarlı məlumatların toplanmasına investisiya yatırmağa çağırıb.
Stenfild uşaqlara qarşı cinsi istismar və sömürü hallarının qarşısı alına bilən ictimai sağlamlıq problemi kimi qiymətləndirilməsinin, əldə olunan məlumatların konkret tədbirlərə çevrilməsinin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
